140 milyonluq pomidor biznesi... - Qiymət artımının səbəbi bəlli oldu


Azərbaycanın pomidor ixracından gəlirləri kəskin artıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycandan 139,5 milyon dollar dəyərində 117 min ton pomidor ixrac olunub. Pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 15,3 milyon dollar artıb.

İqtisadçı ekspert Xalid Kərimli Bakupost.az -a bildirib ki, Azərbaycandan pomidor əsasən, Rusiyaya ixrac edilir:

"Rusiyaya pomidor ixracı, Azərbaycanın ümumi pomidor ixracının xeyli hissəsini təşkil edir. Ötən illə müqayisədə bu il Azərbaycan pomidorunun ixrac qiyməti bahalaşıb. Həm ixrac qiymətində bahalaşma, həm də ixrac miqdarının artması gəlirlərin yüksəlməsinə səbəb olub".

İqtisadçının dediyinə görə, ixracatın və idxalın daxili bazardakı qiymətə təsiri böyükdür:

“Sahibkar xarici bazarla daxili bazardan qazandığı gəlirləri müqayisə edir. Xarici bazardan daha çox qazanarsa, məhsulu daxili bazara çıxarmır. Azərbaycan özü də iri pomidor ixracatçısıdır və xaricə böyük həcmdə pomidor ixrac edir. İxrac daxili bazarda qiymətləri artıran faktordur. Təbii ki, ixrac artdıqca daxili bazarda da məhsulun həcmi azalır”.


MANŞET XƏBƏRLƏRİ