“Qazax milli təfəkkürünün Oljas Süleymanov mərhələsi” monoqrafiyasının təqdimatı olub


İyulun 15-də Beynəlxalq Atatürk Mərkəzində filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, ədəbiyyatşünas-tənqidçi, türkoloq Nizami Məmmədov Tağısoyun "Qazax milli təfəkkürünün Oljas Süleymanov mərhələsi" adlı monoqrafiyasının təqdimat mərasimi keçirilib.

Turkustan.az xəbər verir ki, tədbirdə filologiya elmləri doktorları, ali təhsil müəssisələrinin professor və müəllimləri, dosentlər, eləcə də mədəniyyət nümayəndələri iştirak ediblər.

Beynəlxalq Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov müəllifin uzun illər Türk dünyasının ədəbi-mədəni əlaqələrinin araşdırılması istiqamətində apardığı elmi fəaliyyətə toxunaraq bildirib ki, yeni monoqrafiya türkologiya elminə mühüm töhfədir.

Qeyd olunub ki, əsərdə görkəmli qazax şairi, yazıçısı, ictimai xadimi və Türk dünyasının tanınmış ziyalılarından olan Oljas Süleymanovun həyatı, yaradıcılığı, ədəbi-estetik baxışları və ictimai fəaliyyəti geniş elmi təhlillər əsasında araşdırılıb.

Çıxış edən qonaqlar monoqrafiyanın zəngin mənbə bazasına söykəndiyini, müəllifin mövzuya elmi yanaşmasının və müqayisəli təhlillərinin əsərin elmi dəyərini artırdığını vurğulayıblar. Bildirilib ki, nəşr türk xalqlarının ortaq ədəbi-mədəni irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və gələcək tədqiqatlar üçün dəyərli elmi mənbə kimi qiymətləndirilə bilər. Natiqlər Nizami Tağısoyu bu mühüm elmi uğur münasibətilə təbrik edərək onun Azərbaycan filologiyası və türkologiyasına verdiyi töhfələri yüksək dəyərləndiriblər.

Müəllif Nizami Tağısoy çıxışında monoqrafiyanın ərsəyə gəlməsi, tədqiqatın əsas məqsəd və vəzifələri barədə məlumat verib. O, kitabın hazırlanmasında dəstəyi olan həmkarlarına və nəşrin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirib.

Tədbir iştirakçıları monoqrafiya ilə bağlı fikir və mülahizələrini bölüşərək müəllifi yeni elmi nəşr münasibətilə təbrik edib, əsərin Azərbaycan filologiyası və ümumilikdə türkoloji araşdırmalar üçün əhəmiyyətini yüksək qiymətləndiriblər.

Sonda müəllif oxucular üçün kitablarını imzalayıb.


MANŞET XƏBƏRLƏRİ