Hörmüz boğazı üzərində ABŞ-nin 187 milyon dollarlıq kəşfiyyat dronu yoxa çıxıb


ABŞ-nin ən bahalı pilotsuz uçuş aparatlarından biri – “MQ-4C Triton” Hörmüz boğazı üzərində həyata keçirdiyi kəşfiyyat uçuşu zamanı radarlardan itib.

Turkustan.az xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.

Məlumata əsasən, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz aparat patrul missiyası çərçivəsində fəaliyyət göstərərkən İran istiqamətinə yönəlib. Bundan sonra dron avtomatik olaraq fövqəladə vəziyyət siqnalı sayılan “kod 7700” ötürüb və enişə keçdiyi qeydə alınıb. Lakin az sonra aparatın siqnalı qəfil şəkildə itib və radarlardan yoxa çıxıb.

Hadisə açıq mənbəli uçuş izləmə platforması olan “FlightRadar” vasitəsilə müşahidə olunub. Hazırda pilotsuz aparatın taleyi ilə bağlı müxtəlif ehtimallar irəli sürülür. Onun qəzaya uğraması, vurulması və ya bazaya qayıtması barədə rəsmi təsdiq verilməyib.

Qeyd edək ki, “MQ-4C Triton” ABŞ-nin dəniz və sahil kəşfiyyatı üçün istifadə etdiyi yüksək texnologiyalı pilotsuz aparatlardan biridir. Məlumatlara görə, bu tip bir dronun qiyməti təxminən 187 milyon dollar təşkil edir. Aparat 24 saatdan artıq havada qala bilir, 18 min metrədək yüksəklikdə uçur və gəmilərin aşkarlanması üçün inkişaf etmiş radar sistemləri ilə təchiz olunub.


MANŞET XƏBƏRLƏRİ