Türkiyənin DEM Partiyasından millət vəkili olan Ömər Öcalanın həbsxanadakı əmisi, PKK lideri Abdullah Öcalanla görüşünün təfərrüatı bəlli olub. 1 saat 45 dəqiqə davam edən görüşdə terrorçubaşı MHP lideri Dövlət Baxçalının təklifi ilə bağlı iki şərt irəli sürüb. Bunlar qarant dövlət və hüquqi təminatla bağlı məsələlərdir. Öcalan qarant dövlətlə bağlı hər hansı ölkənin adını qeyd etməyib.
Qeyd edək ki, MHP lideri Dövlət Baxçalı TBMM-dəki çıxışında “Öcalanın təcrid olunması aradan qaldırılarsa, o, Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış etməli və terrora son qoyduğunu açıq şəkildə bəyan etməlidir” fikrini səsləndirmişdi.
Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, PKK ilə dialoqun formalaşması Türkiyədə kifayət qədər böyük müzakirələrə səbəb olub:
“Ümumiyyətlə, bu məsələ ictimaiyyətdə birmənalı qarşılanmır. Hətta radikal şəkildə etiraz edənlər də var. Diqqətçəkən məqam isə A.Öcalanın PKK rəhbəri kimi şərtləri böyük maraq doğrur. Bu şərtlərin yerinə yetirilib-yetirilməməsi, dialoqun formalaşması, hansı məcrada davam etməsi qarşıdakı dövrdə müəyyənləşəcək.
Əvvəlki dövrlərdə Türkiyənin uğurlarını həzm edə bilməyən qüvvələr destruktiv amilləri əsas gətirib, Ankaranın əleyhinə işlər aparırlar. A.Öcalan da bu təzyiqin bir parçası idi.
Bu gün dialoqla bağlı fikrin irəli sürülməsi Türkiyə ictimai rəyində müəyyən suallar yaradıb. Yəni bu fikri D.Baxçalı, yoxsa Türkiyə strateqləri dilə gətirib, bilinmir. Hər iki versiyada həqiqət payı ola bilər.
A.Öcalanın təminat tələbinə gəldikdə isə böyük ehtimalla bu, bir Qərb ölkəsi olacaq. Daha real variant isə ABŞ-ın adının çəkilməsidir”.