Rusiyadakı azərbaycanlıları gözləyən təhlükə – Putin fərman imzaladı


Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə Rusiya silahlı qüvvələrinin şəxsi heyəti 2 milyon 389 min nəfərə qədər artırılıb.

Bununla Rusiya ordusunda hərbi qulluqçuların sayı 180 min nəfər artırılaraq 1,5 milyon nəfərə çatdırılıb.

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, bu müharibə rusiyalı hərbçilərin kütləvi ölüm yerinə çevrilib:

“Kreml gəncləri müharibəyə cəlb etmək üçün şirnikləndirici müqavilələr imzalatdırır. Bir sıra hallarda bunu zorla edir. Rusiya hərbi rəhbərliyi ölkə vətəndaşları ilə yanaşı, burada fəhləlik edən millətləri də ölümə göndərmək üçün hiyləgər plan reallaşdırır. Misal üçün, Hindistandan Rusiyaya işləməyə gedən hindliləri aldadaraq əllərinə silah verib, müharibə bölgəsinə göndərmişdilər. Onlardan bir neçəsi öldü, sağ qalanlar Hindistan hökumətinə müraciət etdilər.

Narendra Modi üçüncü dəfə Hindistanın baş naziri seçilən kimi Rusiyaya səfər edib Putindən xahiş etdi ki, aldadılan vətəndaşlarını geri qaytarsın. Putin Modinin xahişini yerinə yetirdi. Maraqlıdır ki, Putin hindlilərin aldadılaraq müharibəyə göndərilməsinə görə kimin məsuliyyət daşımasını müəyyənləşdirmədi.

Elxan Şahinoğlu

Hazırda eyni durumla Azərbaycan vətəndaşları üzləşiblər. Çeçenistana işləməyə gedən bir qrup Azərbaycan vətəndaşına zorla sənəd imzalatdırıb, Ukrayna ilə müharibəyə yollayıblar. Oxşar halların baş verəcəyini aylar öncə proqnozlaşdırmışdım. Bir neçə dəfə internet televiziyalardan vətəndaşlarımıza çağırış etmişdim ki, Rusiyada onları aldadıb və ya şirnikləşdirib ölümə göndərəcəklər”.

Ekspert deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyi və digər müvafiq qurumlarımız Rusiyada yaşayan və işləyən həmvətənlilərimizə müraciət etməlidir:

Çünki belə hallar təkrarlanacaq. Kreml müharibəni dayandırmaq istəmədiyindən daim ölümə göndərməyə canlı qüvvə axtaracaq”.


MANŞET XƏBƏRLƏRİ