Azərbaycan-Türkiyə münasibətləri: Qardaşlığa kölgə salmaq istəyənlər kimlərdir? - ŞƏRH


Son günlər sosial platformalarda Azərbaycan və Türkiyə münasibətlərini hədəf alan, ictimai rəydə süni narazılıq yaratmağa yönəlmiş mütəşəkkil təxribat cəhdləri müşahid olunur.

Müəyyən qrupların idarə etdiyi bu dezinformasiya dalğası iki qardaş ölkə arasında nifaq toxumu səpmək məqsədi daşıyır. Lakin Bakı ilə Ankara arasındakı münasibətlərin pozulmasını dörd gözlə gözləyən bəzi daxili və xarici dairələr bir həqiqəti unudurlar: Azərbaycan-Türkiyə dostluğu anlıq siyasi gündəmlərə və ya sosial şəbəkə manipulyasiyalarına deyil, əsrlərin sınağından çıxmış sarsılmaz mənəvi köklərə söykənir.

Bəs sosial şəbəkələrdə yayılan bu cür paylaşımlar Azərbaycan-Türkiyə münasibətlərinə nə dərəcədə təsir edə bilər? İki qardaş ölkənin arasına nifaq salmaq istəyən qüvvələrin qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Turkustan.az bu sualları politoloq Tural İsmayılova ünvanladı.

Azərbaycan ordusu öz gücünü bütün dünyaya sübut etdi - Tural İsmayılov  (ÖZƏL) - TurkicWorld

Tural İsmayılov

Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər ortaq tarixə, milli-mənəvi bağlara, strateji tərəfdaşlığa və regional təhlükəsizlik maraqlarına söykənir. Bu münasibətləri adi dövlətlərarası əlaqələr çərçivəsində qiymətləndirmək doğru olmaz. İki ölkənin yaxınlığı uzun illər ərzində formalaşmış siyasi iradənin, qarşılıqlı etimadın və çətin dövrlərdə nümayiş etdirilən həmrəyliyin nəticəsidir. Məhz buna görə də Ankara ilə Bakı arasındakı münasibətlərə zərər vura biləcək addımlara qarşı daha həssas və prinsipial mövqe sərgilənməlidir. Bununla yanaşı, qardaşlıq münasibətləri qarşılıqlı suverenliyə hörmət prinsipini də ehtiva edir.

Türkiyədə hakim AKP ilə əlaqəli bəzi siyasi şəxslərin, ictimai fiqurların və onların ətrafında təmsil olunan dairələrin Azərbaycanla bağlı məsələlərdə sərgilədikləri mövqe, xüsusilə Azərbaycanın daxili siyasi proseslərinə təsir göstərmək və ya ölkəmizə hansısa siyasi davranış modelini diktə etmək təsiri yaradan açıqlamalar, ciddi suallar doğurur. Türkiyənin Azərbaycana münasibətdə qardaşlıq və strateji tərəfdaşlıq xəttini qoruması nə qədər vacibdirsə, Azərbaycanın müstəqil siyasi iradəsinə hörmət edilməsi də bir o qədər zəruridir. Məsələnin ən həssas tərəfi budur ki, Azərbaycanda məktəbli uşaqların geyim qaydaları və dünyəvi təhsil prinsipləri ətrafında gedən müzakirələr Türkiyədə bəzi siyasi dairələr tərəfindən Azərbaycan dövlətinin daxili siyasətinə müdaxilə təsiri yaradan formada təqdim olunub.

Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın və AKP-dən olan bəzi deputatların bu mövzuda sərt açıqlamaları, eləcə də Azərbaycana qarşı ittihamların səsləndirilməsi Bakıda haqlı narazılıq doğurub. Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu da bu açıqlamaları tənqid edərək Azərbaycanın suverenliyinə və konstitusion quruluşuna hörmət edilməsinin vacibliyini vurğulayıb.

Burada prinsipial mövqe ondan ibarətdir ki, Türkiyədəki siyasi qüvvələrin Azərbaycanda hansı təhsil və idarəçilik modelinin tətbiq edilməli olduğuna qərar vermək səlahiyyəti yoxdur. Azərbaycan öz dövlətçilik ənənələri, Konstitusiyası, milli maraqları və cəmiyyətin xüsusiyyətləri əsasında qərar qəbul edir. Hər hansı məsələ ilə bağlı fərqli fikirlərin səsləndirilməsi mümkündür, ancaq fikir bildirmək ilə başqa dövlətin daxili siyasətinə təzyiq göstərmək arasında ciddi fərq var. Xüsusilə hakim partiyanın təmsilçiləri və yüksək vəzifəli şəxslər danışarkən bu sərhədi nəzərə almalıdırlar. Siyasi nüfuzdan istifadə edərək Azərbaycana ictimai təzyiq yaratmaq cəhdləri qardaşlıq münasibətlərinin ruhuna uyğun deyil.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ