Azərbaycanın “arzuolunmaz şəxslər” elan etdiyi 31 Türkiyə vətəndaşı barədə heyrətamiz məlumatlar
Azərbaycan XİN-in qərarı hicab mövzusu adı ilə ölkəmizə qarşı başladılan kampaniyadan sonra verildi. Siyahıda Türkiyənin siyasi və media mühitində təmsil olunan şəxslər var. Musavat.com-un məlumatına görə, Azərbaycana qarşı kampaniyada iştirak edənlərin əksəriyyəti milliyyətcə türk deyillər. Böyük çoxluq kökəncə kürd, bəziləri isə ərəbdir. Onlar Azərbaycan–Türkiyə birliyini həvəslə hədəfə alır, siyahıdakıların bir qismi isə Türkiyə Cümhuriyyətinin dünyəvi və milli əsasları ilə də ziddiyyət təşkil edən siyasi xətləri müdafiə edir.
Xəbər verdiyimiz kimi, Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin 31 vətəndaşını “arzuolunmaz şəxslər” elan edərək ölkəyə girişini qadağan edib. XİN qərarın səbəbi kimi sosial şəbəkələr və internet platformalarında Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı yönələn, hakimiyyətin zorla dəyişdirilməsinə çağıran, dini radikalizm zəminində zorakılığı və dini nifrəti qızışdıran açıqlamaları göstərib.
Bu qərar Türkiyədə Azərbaycan məktəblərindəki geyim qaydaları “hicab qadağası” kimi təqdim ediləndən, ardınca Azərbaycana qarşı sərt hücumlar və çağırışlar səslənəndən sonra verilib. Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası sentyabrda Türkiyə ərazisindən aparıldığını bildirdiyi informasiya kampaniyasının Azərbaycan–Türkiyə münasibətlərini hədəfə aldığını, hədəfli reklamlar və real, saxta hesablar vasitəsilə yayıldığını açıqlamışdı.
Bizim (Yeni Müsavat Media Qrupu) qənaətimizcə, burada söhbət sadəcə fərqli fikir söyləyən şəxslərdən getmir. Azərbaycanda məktəb geyimi qaydaları barədə tənqid ayrı məsələdir; dini həssaslığı siyasi təzyiq vasitəsinə çevirərək Azərbaycanın suveren qərarlarına müdaxilə etmək, ölkəmizi hədəfə alan kampaniyanı qızışdırmaq isə başqa məsələ. “Bir millət, iki dövlət” prinsipi Türkiyə vətəndaşlarına Azərbaycanın daxili işlərinə qarışmaq səlahiyyəti vermir.
Siyahıdakı siyasi və ideoloji xətlər də eyni deyil. Siyahıdakılar əksəriyyətlə dinçilər, radikal məzhəbçilər, ümmətçilərdir.
Onların içində Azərbaycanda da yaxşı tanınan bir soyad da var – Ərbakan. Mərhum və böyük siyasi xadim Nəcməddin Ərbakanın bivec oğlu, “Yeniden Refah” Partiyasının sədri Fatih Erbakan! O da Azərbaycan rəhbərliyinə dil uzatmış, həddini aşan açıqlamalarla çıxış etmişdir. “Küçük Ərbakan” tələb edir ki, Azərbaycan dövləti məktəb qaydalarını dərhal ləğv etsin. İqtidaryönümlü Yeni Şafak yazarı Yusuf Kaplan isə bu məsələni Türkiyənin 28 Fevral dövrü ilə müqayisə edib, Türkiyənin müdaxiləsini istəyən çıxışlar səsləndirib.

Radikal dinçi, hətta müəyyən anlamda terror meylli HÜDA PAR təşkilatının sədr müavini Yahya Oğraş da həddini aşıb. HÜDA PAR kürdçü bir təşkilatdır, PKK-nın dinçi versiyasıdır, siyasi xətti dini-siyasi xarakter daşıyır. Partiya rəhbərləri qatı şəkildə dünyəviliyi rədd edirlər. Onların fikrincə, dünyəvilik şəriət dövləti qurmağa qarşı istifadə olunan əsas xətdir.
“Arzuolunmazlar”dan bir neçəsi isə “Köklü Değişim” adlı radikal xilafətçi və anti-türkçü qruplaşmaya aiddir. Bizim siyasi qiymətləndirməmizə görə, bu cür xətlər Türkiyə Cümhuriyyətinin dünyəvi və milli dövlət quruluşu ilə də uzlaşmır.
Siyahıda terrorçu PKK-nın siyasətdəki uzantısı olan separatçı meylli DEM Partiyasından deputat Ömer Faruk Gergerlioğlu da var. Bu ad Azərbaycan media səhnəsinə yaxşı tanışdır. Sabiq Azərbaycan deputatı Gültəkin Hacıbəyli Türkiyədə saxlananda Ömər bəy özünü parçalayırdı: “Gültəkin xanım Azərbaycana verilsə, onu orada öldürəcəklər”, deyə haray-həşir salmışdı. Gültəkin gəldi, evində oturub seriallara baxır, Ömər Faruk da o zamandan susmuşdu. Əlinə fürsət düşən kimi yenidən ölkəmizə qarşı banladı.
Türkiyədə hakimiyyət nümayəndələri və milliyyətçi çevrələr də DEM-i PKK-nın siyasi xəttinin davamı sayır.
Qənaətimizə görə, siyahıdakıların əksəriyyəti Türkçülüyə və Türk dünyasının birliyinə düşmən münasibət bəsləyir. Onlar Türk Dövlətləri Təşkilatının birliyini və türk xalqlarının milli-etnik kimlik əsasında yaxınlaşmasını xor görür, ümmətçi ideologiyanı milli kimlikdən üstün tuturlar. Məhz buna görə də Azərbaycandakı hicab mübahisəsindən fürsət kimi yararlanaraq Azərbaycanla Türkiyənin arasına nifaq salmağa çalışırlar.
"Yeni Müsavat" Media Qrupunun araşdırmasına görə, bu şəxslərin əksəriyyəti Türk birliyinə, Türkiyə–Azərbaycan qardaşlığına düşmən münasibət bəsləyir.
Onlar Türk Dövlətləri Təşkilatının birliyini və türk xalqlarının milli-etnik kimlik əsasında yaxınlaşmasını xor görür, ümmətçi-məzhəbçi ideologiyanı milli kimlikdən üstün tuturlar. Məhz buna görə də Azərbaycandakı hicab mübahisəsindən fürsət kimi yararlanaraq Azərbaycanla Türkiyənin arasına nifaq salmağa çalışırlar.
Bizə görə, bu şəxslər nəinki Azərbaycana, ümumiyyətlə, Türk dünyasının heç bir ölkəsinə buraxılmamalıdır. Türkiyə hakimiyyəti də onların fəaliyyəti barədə hüquqi tədbirlər görməli, bu şəxslər Türkiyədən deportasiya olunmalıdır.
31 Türk düşməninin siyahısını bir daha təqdim edirik:
1. Ahmet Barış İyison – İyison Medya şirkətinin və Gazeteciabi layihəsinin rəhbəri
2. Cem Özyurt – Bloqer
3. Akın Duru – TV8 və Acunmedya əməkdaşı
4. Dursun Eker – Jurnalist, File Prodüksiyon Hizmetleri
5. Adem Özköse – Jurnalist, siyasi analitik, yazıçı
6. Muhammed Emin Yıldırım – “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul təmsilçisi
7. Cüneyt Sezer – Bloqer, sosioloq, publisist və siyasi analitik
8. Serhat Koyuncu – İctimai xadim
9. Mikail Ayyıldız – Dini yazar və araşdırmaçı
10. Ahi Aratoğlu – Araşdırmaçı yazar, şair və sosioloq
11. Muharrem Çavuş – AK Parti Boğaziçi Gençlik Kolları Başkanı (2020–2025)
12. Fatih Erbakan – Yeniden Refah Partiyasının sədri
13. Yahya Oğraş – ultra radikal HÜDA PAR Partiyasının sədr müavini
14. Aydın Binboğa – İqtisadçı, siyasətçi
15. Hakkı Eren – “Köklü Değişim” jurnalisti
16. Sait Seyitoğlu – HÜDA PAR-ın Batman maliyyə və inzibati işlər şöbəsinin rəhbəri
17. Mehmet Boynukalın – Marmara Universitetinin ilahiyyat professoru, Ayasofya imam-xətibi
18. Okan Aytaş – Jurnalist, Finansopia Medya şirkətinin sahibi
19. Mert Armağan – Jurnalist
20. Yaşar Yavuz – Yeni Şafak, Diriliş Postası və Referans qəzetlərinin jurnalisti
21. Ahmet Sırrı Arvas – Şair, jurnalist, yazıçı
22. Yusuf Kaplan – Yazıçı, jurnalist
23. Erdinç Teğmen – Erte Medya-nın sahibi
24. Ahmet Çakar – Keçmiş millət vəkili
25. Halil Atakan Ay – İlahiyyatçı
26. İsmail Kılıçarslan – TV NET və “Yeni Şafak” qəzeti
27. Murat Şahin – Akit TV-də proqram aparıcısı
28. İrfan Kaya Ülger – Akit TV-də proqram aparıcısı
29. Fatin Dağistanlı – Akit TV-də proqram aparıcısı
30. Ömer Ulutaş – Toprak Partiyasının sədri
31. Ömer Faruk Gergerlioğlu – Millət vəkili