Sürücülərin DİQQƏTİNƏ – Bunlar maşında alışmaya səbəb olur


Yay aylarında havaların kəskin isinməsi ilə əlaqədar avtomobillərdə qəfil yanğın (ani alışma) hallarına tez-tez rast gəlinir. Bu cür bədbəxt hadisələrin qarşısını almaq üçün həm texniki sazlığa diqqət yetirmək, həm də sadə təhlükəsizlik qaydalarına əməl etmək şərtdir.

Turkustan.az xəbər verir ki, yayda avtomobilin alışıb-yanma riskini minimuma endirmək üçün edilməli olan əsas profilaktik tədbirlər aşağıdakılardır:

1. Salonda və baqajda saxlanılan təhlükəli əşyalar

Yüksək temperatur və birbaşa günəş şüaları salondakı bəzi adi əşyaları bombaya çevirə bilər:

Alışqanlar və aerozollar: Deodorant, bədən spreyləri və alışqanlar yüksək təzyiq altında partlaya və yanğın törədə bilər.

Antiseptiklər (Sanitayzerlər): Tərkibində yüksək faizli spirt olan dezinfeksiyaedici mayelər qapalı və isti mühitdə buxarlanaraq asanlıqla alışa bilər.

Su şüşələri: Salonda qalan şəffaf plastik su şüşələri linza effekti yaradaraq günəş şüalarını oturacağın üzərinə fokuslaya və parçanın yanmasına səbəb ola bilər.

Powerbank və telefonlar: Litium-ion batareyaları həddindən artıq qızdıqda şişir və sıradan çıxaraq ani partlayışa yol açır.

2. Yanacaq və yağlama sisteminin yoxlanılması

İsti hava borulardakı təzyiqi artırır və materialların yeyilməsini sürətləndirir:

Sızmalar: Yanacaq şlanqlarında, filtrlərdə və ya injektor ətrafında yaranan ən kiçik benzinin sızması belə isti mühərrik blokuna toxunduğu an yanğın qaçılmaz olur.

Yağ sızmaları: Mühərrik yağının və ya sükan gücləndiricisinin (gidravlika) mayesinin kollektora damcılaması yayda ən çox rast gəlinən alışma səbəblərindəndir.

Çən qapağı: Yanacaq çəninin qapağındakı vakum klapanının işlək olması mütləqdir ki, genişlənən qazlar təzyiq yaratmasın. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ