Çin prezidenti Si Cinpin Pekində Rusiya prezidenti Vladimir Putin üçün təntənəli rəsmi mərasim təşkil edib və görüş zamanı ABŞ-a yönəlik diqqətçəkən mesajlar verib.
Turkustan.az xəbər verir ki, Si Cinpin Rusiya ilə münasibətləri “qlobal xaos şəraitində sabitləşdirici qüvvə” kimi dəyərləndirib.
Xalq Yığıncaqlarının Böyük Zalında keçirilən görüşdə Çin lideri dolayı yolla ABŞ-ı hədəf alaraq bildirib ki, beynəlxalq sistemdə “birtərəfli hegemonluq meylləri nəzarətdən çıxıb”. O, Rusiya ilə “hərtərəfli strateji koordinasiyanın” daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Si Cinpinin Putini qırmızı xalça ilə qarşılaması xüsusi diqqət çəkib. Görüşün ABŞ prezidenti Donald Trampın Çinə səfərindən cəmi bir neçə gün sonra keçirilməsi beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurub.
Pekində təşkil olunan mərasimdə iki lider hərbi orkestrin müşayiəti ilə salamlaşıb, meydanda Çin və Rusiya bayraqları dalğalanıb. Liderləri gül-çiçək və bayraqlarla qarşılayan uşaqların görüntüləri də kameralara əks olunub.
Aytən Yaşar/ Turkustan.az