ABŞ–İran gərginliyi son illərdə yalnız siyasi və hərbi müstəvidə deyil, qlobal iqtisadi sistemdə də dərin izlər buraxıb. Xüsusilə enerji bazarlarının həssaslığı bu qarşıdurmanı dünya iqtisadiyyatı üçün əsas risk faktorlarından birinə çevirib.
Son dövrlərdə Hörmüz boğazı ətrafında yaranan təhlükəsizlik problemləri, neft və qaz axınında fasilələr və qiymət dalğalanmaları beynəlxalq bazarlarda ciddi qeyri-müəyyənlik yaradıb. Bu marşrutun qismən bağlanması və ya risk altında olması enerji qiymətlərində kəskin artımlara səbəb olur.
Eyni zamanda neftin bahalaşması və qızıl kimi təhlükəsiz aktivlərə tələbin artması qlobal inflyasiya təzyiqlərini gücləndirir, iqtisadi sabitliyi zəiflədir. Analitiklərin fikrincə, belə dalğalanmalar uzun müddət davam edərsə, dünya iqtisadiyyatı yeni böhran mərhələsinə daxil ola bilər.
Bəs, ABŞ–İran qarşıdurmasının qlobal iqtisadiyyata təsirləri, qızıl və neft qiymətlərində mümkün dəyişikliklər, həmçinin dolların məzənnəsi ilə bağlı gözləntilər necədir? Mövzu ilə bağlı suallarımızı iqtisadçı-ekspert Günay Hüseynovaya ünvanladıq.

Günay Hüseynova
ABŞ–İran qarşıdurması qlobal iqtisadiyyatda illərdir davam edir. Müəyyən dövrlərdə nisbi sabitlik müşahidə olunsa da, ABŞ tərəfindən İrana qarşı tətbiq edilən sanksiyalar tez-tez iqtisadi gərginliyi artırır və regionda qeyri-sabitlik yaradır.
Təbii ki, baş verən proseslər qlobal iqtisadiyyatın müxtəlif sahələrinə, xüsusilə enerji sektoruna ciddi təsir göstərir. Hörmüz boğazının vaxtaşırı bağlanması, müharibə riski və OPEC-ə üzv bəzi ölkələrin hasilatı azaltması idxalçı ölkələrdə enerji qiymətlərinin 20–25% artmasına səbəb olub. Eyni zamanda, dünya bazarında qiymət artımı ixracatçı ölkələrin gəlirlərini yüksəldir.
Ümumi iqtisadi baxımdan qiymətləndirdikdə, bu vəziyyətin uzun müddət davam etməsi qlobal inflyasiyanın sürətlənməsinə, hətta yeni iqtisadi böhran riskinin yaranmasına səbəb ola bilər.
Bəs bu şəraitdə Azərbaycan iqtisadiyyatını nə gözləyir və dolların məzənnəsində dəyişiklik və ya devalvasiya riski varmı? Hazırkı vəziyyətdə Azərbaycan iqtisadiyyatı üçün ciddi təhlükə müşahidə olunmur. Əksinə, hasilatın və enerji qiymətlərinin artması dövlət büdcəsində profisitə müsbət təsir göstərir. Ticarət balansı da müsbətdir.
Regionda Azərbaycan etibarlı ticarət tərəfdaşı kimi çıxış edir. Xüsusilə Rusiya və İrandakı siyasi-iqtisadi vəziyyət fonunda Asiyadan Avropaya və əks istiqamətdə yük daşımalarında ölkənin rolu daha da artır. Bu da logistika və nəqliyyat sektorunun inkişafına, gəlirliliyin yüksəlməsinə və yeni iş yerlərinin yaradılmasına şərait yaradır.
Nəticə olaraq, dünya iqtisadiyyatında neft və qızıl qiymətlərinin dəyişməsi əsasən geosiyasi sabitlikdən asılıdır. Dolların məzənnəsi isə həm Federal Reserve-nin faiz siyasətindən, həm də qlobal siyasi proseslərdən asılı olaraq formalaşır.
Aytən Yaşar/ Turkustan.az