ABŞ–İran arasında aparılan danışıqların nəticəsiz qalması regionda gərginliyi daha da artırıb və yeni müharibə risklərini yenidən gündəmə gətirib.
Analitiklər hesab edir ki, tərəflər arasında dərin fikir ayrılıqları qalmaqda davam edir və bu, yaxın perspektivdə diplomatik həll imkanlarını xeyli zəiflədir.
2026-cı ildə başlayan genişmiqyaslı qarşıdurma fonunda artıq hərbi əməliyyatlar bir neçə ölkəyə yayılıb, İran və ona qarşı olan qüvvələr arasında raket və dron hücumları regionun təhlükəsizlik balansını ciddi şəkildə pozub . Eyni zamanda İraq və Körfəz ölkələri də bu qarşıdurmanın birbaşa təsirlərini hiss edir, hücumlar davam edir və yeni cəbhələrin açılması ehtimalı istisna olunmur.
Ekspertlər bildirir ki, mövcud şəraitdə münaqişənin daha təhlükəli mərhələyə keçməsi, hətta quru əməliyyatlarının başlanması ehtimalı da nəzərdən kənarda deyil. Xüsusilə danışıqların iflası tərəflərin daha sərt addımlar atmasına zəmin yaradır.
Maraqlıdır, bu iddialar nə dərəcədə realdır? Müharibə daha təhlükəli mərhələyə keçir? Quru əməliyyatlarının başlanması mümkündürmü? Turkustan.az bu sualları politoloq Zaur İbrahimliyə ünvanlayıb.

Zaur İbrahimli
ABŞ və İranın maksimalist mövqedən çıxış etməsi danışıqlar prosesini çətin vəziyyətə salır. ABŞ Prezidenti Donald Trampın son açıqlamaları göstərir ki, Vaşinqton hələ də danışıqlar yolu ilə real çıxış tapmağa çalışır.
Eyni zamanda, rəsmi açıqlamalarda sərt ton hiss olunsa da, tərəflər böhranın həlli üçün əsas yolu yenə də danışıqlarda görürlər. Tərəflər son anda belə qarşıdurmadan qaçaraq diplomatik imkanlara üstünlük verməyə meyllidirlər. Mövcud vəziyyətin bütün təhlilləri göstərir ki, ən optimal çıxış yolu məhz danışıqlar masasıdır.
ABŞ-ın yanaşmasına görə, bu proses yalnız vaxt qazanmaq məqsədi daşımır. Əksinə, mövcud şəraitdə İranla razılaşma əldə etmək üçün real bir vasitə kimi qiymətləndirilir. Bu baxımdan, danışıqlar əsas yol kimi gündəmdə qalır.
İranın mövqeyi hər nə qədər maksimalist görünsə də, mümkün hərbi əməliyyatların yenidən başlaması ölkə daxilində mənfi nəticələr doğura bilər. Bu cür əməliyyatların davamı İranın infrastrukturunun daha da zədələnməsi ilə nəticələnə bilər. Lakin yaxın perspektivdə genişmiqyaslı hərbi müdaxilə ehtimalı aşağı qiymətləndirilir.
Əgər İran maksimalist mövqedə qalmaqda davam edərsə, Donald Trump administrasiyası təzyiq siyasətini davam etdirə bilər və bu təzyiqlər mərhələli şəkildə artırıla bilər.
Qeyd etmək lazımdır ki, danışıqlar nəticə verməzdən əvvəl müəyyən eskalasiya ehtimalı mövcuddur. Lakin regional və qlobal güclərin təsiri, xüsusilə də vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədi, tərəfləri yenidən danışıqlar yoluna qaytara bilər.
Hazırkı mərhələdə nə Çin, nə də Vaşinqton Tehranın sərt mövqeyini tam şəkildə nəzərə almır. Buna baxmayaraq, proses nə qədər çətin olsa da, müəyyən kompromis imkanları qalır və tərəflərin sonda yenidən danışıqlar masasına qayıtması ehtimalı yüksəkdir.
Aytən Yaşar/ Turkustan.az