Ağstafa Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən seçki konfransında Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov, Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Şuranın üzvləri, məsul şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev adına istirahət parkında Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər və dahi rəhbərin xatirəsinə böyük ehtiramlarını bildiriblər.
Tədbir işinə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin və Ağstafa Rayon Ağsaqqallar Şurasının mərhum sədri Hüseyn Hüseynovun əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfransı giriş nitqi ilə açan Seymur Orucov ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müasir dövlətçilik ənənələrinin milli-mənəvi dəyərlərimizə söykənərək keçdiyi tərəqqi yolundan və bu prosesdə ağsaqqalların mühüm rolundan bəhs edib. Ağstafa rayon əhalisinin hər zaman dövlətçiliyin keşiyində durduqlarını, möhtərəm Prezidentimiz cənab İlham Əliyevi qətiyyətlə dəstəklədiklərini bildirib. Konfransın işinə uğurlar arzulayıb.
Sonra Ağstafa Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Gülgün Kərimov tərəfindən konfransın gündəliyi səsə qoyulub və qəbul edilib. Gündəlikdə əsas məsələlər Ağstafa Rayon Ağsaqqallar Şurasının yeni sədrinin seçilməsi və təşkilatın İdarə Heyətinin yenidən formalaşdırılması olub.
Tədbirdə çıxış edən Ağstafa Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri və digər natiqlər ağsaqqalların ölkəmizdəki nüfuzundan, ağsaqqal sözünün, nəsihətinin əhəmiyyətindən ətraflı söz açıblar. Yaşadığımız süni intellekt dövründə gənclərimizlə daha çox iş aparmağın vacibliyini önə çəkərək onları yad təsirlərdən qorumağı, gənc nəslə vətənpərvərlik və milli-mənəvi dəyərlərin aşılanmasını bu günün ən mühüm məsələsi kimi vurğulayıblar.
Çıxışçılar tərəfindən Ağstafa Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə təşkilatın İdarə Heyətinin üzvü Sənan Mustafayevin namizədliyi irəli sürülüb.
Vurğulanıb ki, Sənan Mustafayev dövlətimiz qarşısında dəyərli xidmətləri, eləcə də yüksək nüfuzu və böyük hörməti ilə bu vəzifəyə ən layiqli namizəddir. Sonra açıq səsvermə yolu ilə Sənan Mustafayev Ağstafa Rayon Ağsaqqallar Şurasına sədr seçilib. Daha sonra Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinə rayonun nüfuzlu ağsaqqallarının, eləcə də aralarında qadınların olduğu ziyalıların namizədliyi irəli sürülüb. Açıq səsvermə yolu ilə Ağstafa Rayon Ağsaqqallar Şurasının yeni İdarə Heyəti formalaşdırılıb.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov öz nitqində tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq yeni seçilən sədri – Sənan Mustafayevi, eləcə də İdarə Heyətinin üzvlərini təbrik edib, onlara məsuliyyətli və şərəfli vəzifələrində uğurlar arzulayıb. Natiq, həmçinin, yeni rayon sədrini, üzvləri, ümumilikdə ağsaqqalları daha fəal olmağa çağıraraq bildirib ki, bu gün cəmiyyətimizdə, təəssüflər olsun ki, boşanmaların sayı gündən-günə çoxalır, bəzi bölgələrdə hələ də erkən nikahlar bağlanır, gənclərimizdə zərərli vərdişlərə, narkomaniyaya, siqaretə aludəçilik problemləri artır. Bütün bu və digər mənfi hallara qarşı cəmiyyətimiz birlikdə mübarizə aparmalıdır və biz ağsaqqallar hər zaman öndə olmalıyıq. O, xüsusilə təhsil müəssisələrində tədbirlərin sayının və effektinin yüksəldilməsini zəruri hesab edərək bildirib ki, ağsaqqallarımız gənclərimzdən öz öyüd və nəsihətlərini, məsləhətlərini heç zaman əsirgəməməli, maarifləndirici işlərini davamlı surətdə həyata keçirməlidirlər. Bayram Yusifov nitqinin sonunda əmin olduğunu bildirib ki, ağsaqqallar bundan sonra rayonun ictimai-siyasi və mədəni həyatında daha aktiv iştirak edəcək, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, əxlaqi normaların və sağlam həyat tərzinin təbliğinə, eləcə də gənclər arasında vətənpərvərlik hissinin gücləndirilməsinə böyük töhfələr verəcəklər.
Ağstafa Rayon Ağsaqqallar Şurasının yeni sədri Sənan Mustafayev konfransda çıxış edərək öz adından və yeni seçilən üzvlər adından onlara göstərilən etimada görə hər kəsə öz minnətdarlığını ifadə edib. Şuranın fəaliyyətini bundan sonra da uğurla davam etdirməsi üçün bilik və təcrübələrini əsirgəməyəcəklərini bildirib.




