Bu gün Azərbaycan Ordusunun məşhur zabiti, 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri olan general-leytenant Mais Bərxudarovun yubileyidir.
Turkustan.az xəbər verir ki, o, 50 yaşını qeyd edir.
Mais Şükür oğlu Bərxudarov 1976-cı il aprelin 20-də Qubadlı şəhərində doğulub.
Uşaq yaşlarında güləşlə məşğul olan M.Bərxudarov Azərbaycanın Milli Qəhrəmanı, güləşçi Əliyar Əliyevin tələbəsi olub. 1993-cü ilin avqustunda Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra M.Bərxudarov Cəmşid Naxçıvanski adına Hərbi liseyə daxil olub. O, 1993-cü ildə cəbhəyə yollanmağı qərara alsa da, general Valeh Bərşadlı onu yanına çağırır və cəbhəyə yollanmaq üçün hələ tez olduğunu bildirir.
1998-ci ildə baş leytenant M.Bərxudarov “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Bu ordeni ona Ümummilli lider Heydər Əliyev təqdim edib.
2012-ci ildə isə polkovnik rütbəsi daşıyan zabit “Vətən uğrunda” medalına layiq görülüb.
2016-cı il aprelin 1-5-i tarixlərində Qarabağda gedən döyüşlər zamanı korpus komandiri olan polkovnik döyüşlər başlayan kimi, özü də əsgərlərə qoşularaq, birbaşa döyüşlərdə iştirak edib, Lələtəpə yüksəkliyini və on kilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştirak edib. Hadisə şahidlərinin verdiyi məlumata görə, M.Bərxudarov şəxsən tankın üzərində əyləşərək, özü öndə olmaqla bütün əsgərlərini döyüşə aparıb.
Ali Baş Komandan İlham Əliyev Lələtəpənin alınmasında göstərdiyi şücaətə və hərbi bacarığa görə ona general-mayor rütbəsi verib.
M.Bərxudarov həmçinin 44 günlük Vətən müharibəsində də döyüşüb. O, Cəbrayıl, Xocavənd, Füzuli və Zəngilan rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezident İlham Əliyevin sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları, həmçinin “Qarabağ” ordeni ilə təltif edilib.
General xidməti dövründə ümumikdə 20-yə yaxın orden və medalla təltif olunub. 2022-ci ildə isə dövlət başçısının sərəncamı ilə general-leytenant ali hərbi rütbəsinə layiq görülüb.
Bu gün yubileyini qeyd edən M.Bərxudarov hazırda Müdafiə Nazirliyinin İnspeksiya idarəsində xidmətini davam etdirir. /yenisabah.az/




