"Bir qədər müqayisə etmək düzgün olmasa da, Tiflis ilə Bakının yol infrastrukturu baxımından vəziyyəti fərqlidir. Tiflis infrastruktur, genişlik, səliqəlilik və həll yolları baxımından Bakıdan geri qalmasa da, hər iki şəhərin özünəməxsus problemləri var".
Bu sözləri "Yeni Sabah"a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Raqif Raufoğlu deyib. O bildirib ki, Bakı və Tbilisi arasında nəqliyyat baxımından müxtəlif fərqlər mövcuddur:
"Bizdə əsas fərq ondadır ki, yaxınlıqdan — xüsusilə də şəhər olaraq baxsaq — Sumqayıt və Xırdalandan hər gün yüz minlərlə avtomobil Bakıya doğru gəlir və axşam geri qayıdır. Söhbət gündə 200–300 min və ya daha çox avtomobildən gedir. Bu istiqamətdə hərəkət edən bütün yük Bakıdakı daxili nəqliyyata deyil, məhz Bakıətrafı şəhərlərə yönəlir. Orada yaşayanların Bakıya gəlib-qayıtması əsas məsələlərdəndir. Tiflisdə də bu problem mövcuddur, lakin orada fərqli cəhətlər də var. Birincisi, Tiflis daha çox turist qəbul edir. Qeydiyyatda olan avtomobillərin nə qədərinin hərəkətdə olduğunu dəqiq bilmirik. Bizdə də qeydiyyatda olan minik avtomobilləri və nəqliyyat vasitələri çoxdur, lakin onların hamısı öz ərazisi üzrə hərəkət etmir. Bəziləri başqa yerdə qeydiyyatda olsa da, Bakıda yaşayır və sürülür. Buna görə də təkcə qeydiyyat rəqəmlərinə əsaslanmaq düzgün deyil".
Ekspert vurğulayıb ki, əsas problem bütün tədbirlərin mərkəzdə olması və müəyyən istiqamətlərdə hər şeyin birdən nizamlanmasıdır:
"Əsas məsələ şimal tərəfdən gələn axındır. Cənub tərəfdən isə dəniz amili işimizi çətinləşdirir, çünki alternativ yollar azdır. Bir neçə prospekt birləşərək Bakının mərkəzinə doğru gəlir və orada sıxlıq effekt yaradır. Bakıda nizamlama və müəyyən tədbirlərlə əlaqədar məhdudlaşdırmalar olmayanda hər şey öz tempində normal gedir. Əsas problem bütün tədbirlərin mərkəzdə olması və müəyyən istiqamətlərdə hər şeyin birdən nizamlanmasıdır. Bakıda bir çox dövlət qurumları sovet dövründən mərkəzdə yerləşir. Əgər bu qurumlar kənara çıxarılarsa, mərkəzdən kənara doğru gediş-gəliş tənzimlənərsə, əlavə milyardlar xərcləyib yolları üç-dörd mərtəbəli etməyə ehtiyac qalmaz. Tiflis Bakı qədər turist qəbul etməsə də, orada müəyyən hallarda tədbirlər fərqli tənzimlənir. Orada turistlərin çox olması, həm də avtomobil satışı və digər amillər onu regional mərkəzə çevirir. Bizdə isə qeydiyyatda olan avtomobillərin hamısı hərəkətdə deyil, burada biznes faktorları da rol oynayır".
Qeyd edək ki, Gürcüstanda 2 milyondan çox (2 010 195), Azərbaycanda isə 1,93 milyondan çox (1 934 598) avtomobil qeydiyyatdadır. Hər iki ölkədə avtomobil parkının əhəmiyyətli hissəsi paytaxtların payına düşür. Tbilisidə ölkə üzrə avtomobillərin təxminən yarısı (49%), Bakıda isə 10 avtomobildən 4-dən çoxu (41,6%) qeydiyyatdadır.