“Nəsiminin dərisini də bu cür absurd ittihamla soymuşdular...” – DEPUTAT ALİMİN MÜDAFİƏSİNƏ QALXDI


AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli barəsində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən (DƏMX) İnzibati Xətalar Məcəlləsinin (İXM) 555-ci maddəsinin 1-ci bəndi tətbiq edilərək protokol tərtib olunub və ona 1300 manat cərimə yazılıb. Səbəb odur ki, Dilçilik İnstitutunda iki qadın mübahisə edib, direktor isə bu haqda müvafiq orqanlara məlumat verməyib.

Nadir Məmmədli bu qərardan apellyasiya şikayəti versə də, etirazı təmin edilməyib.

Turkustan.az xəbər verir ki, Milli Məclisin komitə sədri, deputat Fazil Mustafa alimin mənasız bir məsələyə görə cərimələnməsi məsələsinə sərt etirazını bildirib.

O, sosial şəbəkədə bununla bağlı yazıb:

“Rusiyanın Ukraynadan nə istədiyini çoxdan başa düşmüşük. ABŞ-nin də niyə İranın yaxasından yapışmasını az-çox anlamağa çalşırıq. Televiziyalarla bağlı aparılan müzakirələrin, sosial şəbəkədə söyüş və təhqirə görə məsuliyyətin sərtləşdirilməsinin mahiyyətini də anlayırıq. Anlamadığımız və heyrətlə qarşıladığımız, bəlkə də bir çoxlarına əhəmiyyətsiz görünən bir məsələ var: Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru inzibati məsuliyyətə cəlb edilib. Həm də nəyə görə? Deməli, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci (baş verən bədbəxt hadisə barədə müvafiq qurumu məlumatlandırmaması) maddəsi cərimə protokolu tərtib olunub.

Direktorun cərimələnməsinə səbəb isə işçilər arasında baş verən dava olub. Belə ki, institutun iki qadın əməkdaşı arasında şəxsi münaqişə baş verib. Yəni "Matroslar savaşarkən araya girməzlər" qəbilindən bir hadisə baş verib. Sonradan münaqişə işçilər tərəfindən öz aralarında həll olunub və heç bir ağır nəticə yaranmayıb. Yəni ölüm, xəsarət, maddi ziyan və s. ortada yoxdur.

Həmin davaya görə Nadir Məmmədli İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinib və 1300 manat məbləğində cərimə edilib. Direktor buna etiraz edərək apellyasiya şikayəti verib. O qeyd edib ki, baş verən münaqişə nəticəsində heç kim sağlamlıq itkisinə məruz qalmayıb, heç bir tibbi yardıma ehtiyac yaranmayıb və hadisə işçilər tərəfindən öz aralarında həll olunub. Nadir müəllim bu olayı “istehsalatda bədbəxt hadisə” kimi təqdim etməyin və onun tərəfindən hadisənin gizlədilməsini tamamilə əsassız iddia hesab edib. Lakin institut direktorunun şikayəti təmin edilməyi

Acınacaqlı olan iki institut əməkdaşı tərəfindən şəxsi zəminində baş verən, yəni Azərbaycan dilinin qorunması, saflığı, gələcək taleyi ilə qətiyyən əlaqəsi olmayan münaqişə deyil, onun bu cür ağlasılmaz şəkildə hüquqi qiymətləndirilməsidir. Demək, institut direktoru ötən ilin oktyabr ayında Müstəqillik Günü ilə bağlı iclas keçirib, iki xanım işçi iclasdan yayınaraq çölə çıxıb biri-biri ilə "razborka" aparmağa başlayıb, ola bilsin ki, kiçik bir saçyolma və söyüş partiyası da baş verib, sonra da ayrılıb gəlib öz işlərini davam etdiriblər. Dərhal əmək müfəttişliyi bunu “istehsalatda bədbəxt hadisə” kimi qiymətləndirib və ayda 1150 manat maaş alan direktor üçün nə az, nə çox - 1300 manat cərimə protokolu tərtib edib.

Professor Nadir Məmmədlini yaxşı tanıyıram, dilimizin saflığının qorunması üçün hər cür fədakarlıq edən, cüzi maddi imkanlarını dəyərli kitabların çapına yönəldən bir ziyalımızdır. Hələ də anlamaq olmur, Dilçilik İnstitutu istehsalatdırmı, yaxud da iki qadının bir-biri ilə şəxsi zəmində sözləşməsi və sülh yolu ilə ayrılması bədbəxt hadisədirmi?

Son illərin bəlkə də ən absurd qərarı ilə qarşılaşdığımı gizlətmirəm. Bundan sonra Dilçilik İnstitunun Əsasnaməsinə gərək "dil istehsal edən müəssisə" sözləri yazılsın ki, bura da istehsalat kimi tanınsın. Yaxşı ki, hələ emal müəssisəsi kimi qələmə verməyiblər. Dilçilik İnstitutunun adını daşıdığı Nəsiminin dərisini də deyəsən bu cür absurd ittihamla soymuşdular. Burada deyirlər e, tarix təkrarlanır...”


MANŞET XƏBƏRLƏRİ