ABŞ-da son illərin ən qalmaqallı işlərindən biri olan Ceffri Epşteyn dosyesi yenidən gündəmin mərkəzinə qayıdıb və bu dəfə Donald Trampın adı ilə bağlı müzakirələr daha da genişlənib.
Epşteynin yüksək vəzifəli siyasətçilər, iş adamları və ictimai fiqurlarla əlaqələri barədə iddialar uzun müddətdir ictimaiyyətin diqqətindədir. Müxtəlif məhkəmə sənədlərində və açıqlanan materiallarda bir çox tanınmış siyasi xadimlərin adının çəkilməsi cəmiyyətdə ciddi suallar doğurub və şəffaflıq tələblərini gücləndirib.
Bu kontekstdə Trampa yönələn təzyiqlər də artıb. Media və siyasi rəqiblər onun Epşteynlə mümkün münasibətləri barədə aydın mövqe bildirməsini tələb edirlər. Tramp isə bu iddiaları qəti şəkildə rədd edir, Epşteynlə yaxın əlaqələrinin olmadığını və onun cinayət əməllərindən xəbərsiz olduğunu bəyan edir. Bütün bunlar fonunda Epşteyn işi təkcə hüquqi məsələ kimi deyil, həm də ABŞ siyasətində etimad, məsuliyyət və güc münasibətlərini yenidən müzakirəyə açan böyük bir siyasi sınaq kimi dəyərləndirilir.
Maraqlıdır, Epşteyn dosyesinin ifşası Donald Trampa təzyiqlərin artmasına səbəb ola bilər? Bu qalmaqal ABŞ prezidentinin istefaya göndərilməsi ehtimalını gündəmə gətirə bilərmi? Turkustan.az bu suallarla politoloq Məhəmməd Əsədullazadəyə müraciət edib.

Məhəmməd Əsədullazadə
Epşteyn işi ilə bağlı açıqlanan sənədlərin Donald Trampın administrasiyası dövründə, ABŞ-ın hüquq-mühafizə strukturları tərəfindən ört-basdır edilməsi iddiaları gündəmdədir. Lakin burada diqqətçəkən məqam ondan ibarətdir ki, söhbət təkcə Donald Trampdan getmir.
Sənədlərdə Bill Klintonun, Demokrat Partiyasına yaxın çevrələrin, eləcə də müxtəlif ölkələrin rəsmi və tanınmış simalarının adları da hallanır. Bu faktın özü artıq böyük bir siyasi skandal, Qərb siyasi dəyərlərinin və demokratiya anlayışının aşınmasının göstəricisi kimi qiymətləndirilə bilər. Donald Tramp bu mövzuda indiyədək dəfələrlə tənqid olunub. Ancaq hesab etmirəm ki, bu sənədlər onun barəsində yeni və ciddi hüquqi-siyasi prosesin başlanmasına səbəb olacaq.
Çünki hadisələrin üzərindən kifayət qədər vaxt keçib və Tramp bu ittihamları cəmiyyətə müəyyən qədər “həzm etdirə” bilib. Qarşıdan payızda keçiriləcək Konqres aralıq seçkiləri gəlir və bu məsələ Trampın siyasi rəqibləri tərəfindən təbliğat vasitəsi kimi istifadə oluna bilər. Lakin unutmamalıyıq ki, sənədlərdə təkcə respublikaçılar deyil, demokrat düşərgəyə aid liderlərin də adları yer alır. Bu isə mövzunun yalnız bir tərəf üzərindən siyasiləşdirilməsini çətinləşdirir.
Donald Tramp kütlə ilə işləməyi bacaran siyasətçidir və xarici siyasətdə müəyyən uğurları da var. Məhz bu səbəbdən düşünürəm ki, Epşteyn sənədlərinin açıqlanması onun elektoratında ciddi mənfi rezonans doğurmayacaq. Trampın yaş faktoruna baxmayaraq, növbəti prezident seçkilərində iştirakı hələ də mümkün ssenarilər sırasındadır və onun siyasi varislərinin meydana çıxması da istisna edilmir. Bu adlar sırasında müxtəlif respublikaçı fiqurlar hallana bilər. Ancaq bütün bunlar ABŞ daxili siyasi proseslərinin gedişindən asılı olacaq.
Ümumilikdə isə bu qalmaqalın Donald Trampın siyasi xəttinə və gələcək planlarına həlledici təsir göstərəcəyini düşünmürəm.
Aytən Yaşar/ Turkustan.az