Fəzail Ağamalıdan məhkəmə açıqlaması: “Versinlər də, nə olacaq?”


Ana Vətən Partiyasının (AVP) sıralarından xaric edilən bir qrup rayon təşkilatlarının sədrləri partiyanın sabiq sədri, Milli Məclisin keçmiş deputatı Fəzail Ağamalını məhkəməyə veriblər. Sabiq parlamentarinin oğlu Elçin Ağamalı isə onların qərarını dəstəkləyib. O, Oxu.Az-a açıqlamasında bildirib ki, ötən il partiyanın qalmaqallı qurultayından sonra Ədliyyə Nazirliyinə müraciət etsələr də, qurum məsələni mübahisəli hesab edib və müsbət cavab verməyib.

Turkustan.az bildirir ki, baş verənlərlə bağlı Oxu.Az-a danışan Fəzail Ağamalı öncə məhkəməyə verilməsinə aydınlıq gətirib:

“Məhkəməyə versinlər də, nə olacaq? Həm də bu çoxdankı söhbətdir, təxminən 15 gün olar. Buna baxmayaraq, biz partiyanın nizamnaməsinə uyğun olaraq işlərimizi qururuq. Elçin Ağamalı isə Ana Vətən Partiyasının üzvü deyil. O, idarə heyətinin qərarı ilə partiya sıralarından xaric edilib”.

Sabiq millət vəkili hazırda deputat olan qızı Günay Ağamalının partiyanın yeni sədri seçilməsinə də münasibət bildirib:

“Günay Ağamalı Ana Vətən Partiyasının yeni sədri seçilib. Qurultayda mənim və digər bir nəfərin sədrliyə namizədliyi irəli sürülmüşdü. İkimiz də Günay Ağamalının lehinə namizədliyimizi geri götürdük. Günay Ağmalının namizədliyi səsə qoyuldu və o, qurultay tərəfindən yekdillikə sədr seçildi. Qurultay “Siyasi Partiyalar Haqqında” Qanunun və Ana Vətən Partiyasının nizamnaməsin bütün müddəalarına uyğun olaraq keçirilib”.


MANŞET XƏBƏRLƏRİ