Ermənistan Prezidenti Vaaqn Xaçatryanın Azərbaycanla sərhədin açılacağına inamını ifadə edib.
Sitat: “Prinsiplər bir-birimizin ərazi bütövlüyünə, suverenliyinə və yurisdiksiyasına hörmət etmək üçün çox konkretdir. Biz bu prinsiplərə əsaslanacağıq. Sərhədləri açacağıq. Əminəm ki, bir neçə ildən sonra təkcə ən yüksək siyasi səviyyədə deyil, həm də Ermənistan və Azərbaycan vətəndaşlarının sərhədi keçib bir-biri ilə iş görəcəyi, bir-birinin üstünlüklərindən istifadə edəcəyi zaman hər şey adi hala gələcək”.
Bu il Ermənistanla sərhədlər açıla bilərmi?
Globalinfo.az-a danışan deputat Razi Nurullayev deyib ki, Vaaqn Xaçatryanın sərhədlərin açılması ilə bağlı səsləndirdiyi fikirlər prinsip etibarilə müsbət mesajdır:
“Azərbaycan hər zaman regionda davamlı sülhün, əməkdaşlığın və normal qonşuluq münasibətlərinin tərəfdarı olub. Lakin sərhədlərin açılması yalnız siyasi bəyanatlarla deyil, konkret hüquqi və təhlükəsizlik addımları ilə mümkün ola bilər. Öncə iki ölkə arasında tamhüquqlu sülh sazişi imzalanmalı, qarşılıqlı olaraq ərazi bütövlüyü və suverenlik prinsipləri hüquqi sənədlərdə təsbit olunmalıdır”.
Deputat bildirib ki, sərhədlərin delimitasiya və demarkasiyası prosesi tamamlanmalıdır:
“Eyni zamanda nəqliyyat-kommunikasiya xətləri, xüsusilə Zəngəzur istiqamətində əlaqələr maneəsiz və təhlükəsiz şəkildə işləməlidir. Rəsmi Bakı konstruktiv mövqeyini dəfələrlə nümayiş etdirib. Əgər İrəvan da real addımlar atarsa və etimad mühiti formalaşarsa, sərhədlərin mərhələli şəkildə açılması gələcəkdə mümkündür. Ancaq təhlükəsizlik və dövlət maraqları hər zaman prioritet olaraq qalacaq”.