Bu gün yerli mediada Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayevin hakimləri və rəqib komandanın üzvlərini ağır söyüşlərlə təhqir etməsi barədə məlumat yayılıb.
Məlumata görə, hadisə ötən gün kişi voleybolu üzrə Azərbaycan Yüksək Liqasının VII turu çərçivəsində keçirilən “Ordu” – “Xilasedici” oyunu zamanı baş verib.
Turkustan.az xəbər verir ki, hadisə şahidlərinin Oxu24.com-a bildirdiyinə görə, Füzuli Musayev ünvansız şəkildə “var-yox” tipli söyüşlər işlədib. Bu səbəbdən oyunun supervayzeri Zöhrab Gözəlbəyli ikinci setin sonlarında matçı dayandırmağa məcbur olub.
Azərbaycan Voleybol Federasiyasının İntizam Komissiyası isə insidentlə bağlı “Xilasedici” komandasına texniki məğlubiyyət verilməsi barədə qərar qəbul edib.
Yayılan xəbərlərə münasibət bildirən Füzuli Musayev Müsavat.com-a açıqlamasında heç kimə söyüş söymədiyini deyib.
Füzuli Musayev kimdir?
Füzuli İsa oğlu Musayev 1 fevral 1962-ci ildə Gəncə şəhərində anadan olub. 1979-cu ildə orta məktəbi bitirib, 1980–1982-ci illərdə Rusiyanın Arxangelsk vilayətinin Mirnıy şəhərində hərbi xidmət keçib.
Əsgərlik dövründə idmana marağı artan Füzuli Musayev məhz bu illərdə idmanda ilk addımlarını atıb. 1983–1986-cı illərdə Bakıda “Lenin” adına maşınqayırma zavodunda çalışıb və paralel olaraq karate ilə məşğul olub.
1986-cı ildən polis orqanlarında xidmətə başlayıb. 1989-cu ildə Azərbaycan Texnologiya Universitetində qiyabi təhsil alıb, 1992–1997-ci illərdə isə Polis Akademiyasında təhsilini davam etdirib.
Füzuli Musayev idman sahəsində yüksək nailiyyətlər əldə edib. O, dəfələrlə Azərbaycan çempionu olub, 1990 və 1991-ci illərdə SSRİ çempionatlarında medal qazanıb, SSRİ idman ustası adına layiq görülüb.
1990-cı illərdə Avropa və dünya çempionatlarında çıxış edərək bir sıra qızıl, gümüş və bürünc medallar qazanıb. O, ikiqat dünya çempionu olub və yüksək texnikalı döyüşçü kimi fəxri kubokla təltif edilib.
Füzuli Musayev taekvondo üzrə 6-cı dan, karate üzrə isə 8-ci dan qara kəmər sahibidir. O, Avropa və Dünya Taekvondo federasiyalarında rəhbər vəzifələrdə çalışıb, Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti olub.
İdmanın inkişafındakı xidmətlərinə görə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına, Prezidentin fəxri diplomuna və “Tərəqqi” medalına layiq görülüb. Azərbaycanda ilk Budokan Şərq döyüş növləri mərkəzinin yaradıcısıdır.
2007-ci ildən etibarən Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzinin rəisi, polkovnik vəzifəsində çalışır.
Füzuli Musayev ailəlidir, iki övladı var. O, həmçinin müğənni Ayan Babakişiyeva ilə münasibəti olduğunu təsdiqləyib və bu münasibətdən Selena adlı qız övladının dünyaya gəldiyini bildirib. Musayev həmin münasibəti həyatının ən böyük səhvi adlandırıb.