İslam aləmini silkələyən Epşteyn-Əzizə iddiası – “Böyük günaha yol verilib”


“Epşteyn işi” çərçivəsində üzə çıxan Kəbə detalı İslam dünyasında rezonans doğurub. Belə ki, e-poçt yazışmalarına əsasən, Kəbəyə aid örtük parçaları müxtəlif cinayətlərdə ittiham edilən maliyyəçi Ceffri Epşteynə göndərilib. Örtüyün Epşteynə Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı Əzizə Əl-Əhmədi tərəfindən göndərildiyi iddia olunur.

Bu addım nə dərəcədə doğrudur? Kəbə örtüyü müqəddəs hesab edilirmi?

Globalinfo.az-a danışan Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, ilahiyyatçı Rüfət Qarayev deyib ki, Kəbə evi müqəddəs olduğu kimi, üzərindəki örtük və içərisindəki əşyalar da müqəddəsdir:

İlahiyyatçı bildirib ki, bu, ona qüdsiyyət qazandıran Allah adına və Allahın evinə aid olması ilə bağlıdır:

“Kəbənin örtüyü ildə bir dəfə dəyişdirilir. Əvvəlki örtük isə müəlman ölkələrin rəhbərlərinə, digər nüfuzlu müsəlman xadimlərə hədiyyə edilir. Bunun xaricində isə kimlərsə onu hər hansısa yolla əldə edirlərsə, doğru hal hesab olunmur. Kəbə evinə “Beytullah”, yəni “Allahın evi” deyilir”.

R.Qarayevin sözlərinə görə, Kəbə evi dünyanın mərkəzi hesab olunur:

“Dünyanın dörd bir tərəfində olan müsəlmanlar yalnız bir istiqamətə üzlərini tutaraq ibadət və dualarını həyata keçirirlər. Zahirən Kəbə daş və torpaqdan, üzərinə örtülən örtük isə ipəkdən və qızıl saplardan hazırlanır. Lakin Kəbəni müqəddəs və dəyərli edən onun Allahın evi olması, parçanın da dəyər qazanması Allah evinin üzərinə örtülməsi ilə bağlıdır. Bir də unutmayaq ki, həmin parçanın üzərində Allahın adları və Qurani-Kərimdən ayələr var. Belə olduğu təqdirdə Kəbəyə aid olan bütün zərrələr belə müqəddəslik qazanmış olur”.

İlahiyyatçı deyib ki, müsəlman olmayan insanlara Kəbəyə aid bir kiçik parçanı belə vermək doğru hesab olunmur:

Hətta müsəlman belə dəstəmazı olmadığı halda Kəbənin parçasının üzərində olan yazılara toxuna bilməz. Kəbənin və ona aid əşyaların bu qədər müqəddəs olduğu açıq-aşkar ortada olduğu halda kimlərsə onu hər hansısa yolla əldə edirlərsə, doğru hal hesab olunmur. Hətta dini və mənəvi olaraq Allah qarşısında məsuliyyət daşıyır”.


MANŞET XƏBƏRLƏRİ