İstanbul Baş Prokurorluğunun Terror Cinayətləri üzrə İstintaq Bürosu tərəfindən aparılan “casusluq” istintaqı başa çatıb.
Turkustan.az xəbər verir ki, Baş Prokurorluğun açıqlamasına görə, istintaq çərçivəsində hazırda həbsdə olan şübhəlilər — Əkrəm İmamoğlu, Necati Özkan, Hüseyn Gün və Merdan Yanardağ barəsində “siyasi casusluq” ittihamı ilə hazırlanan ittiham aktı bu gün tamamlanıb və açıq məhkəmə prosesi başlayıb.
İstanbul meri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra həbs edilən Əkrəm İmamoğlu, İstanbul Baş Prokurorluğunun açıqlamasında “təşkilatın lideri” kimi təqdim olunur. Açıqlamada bildirilir ki, İmamoğlu “İmamoğlu Mütəşəkkil Cinayətkarlıq Qrupu” vasitəsilə Cümhuriyyət Xalq Partiyasının (CHP) nəzarətini qanunsuz şəkildə ələ keçirməkdə, prezidentliyə namizədliyi üçün maliyyə vəsaiti formalaşdırmaqda və bu məqsədlə əsasən İstanbulda yaşayan vətəndaşların şəxsi məlumatlarını xarici kəşfiyyat orqanlarına ötürərək maliyyə cinayətləri və casusluq fəaliyyəti həyata keçirməkdə ittiham olunur.
Casusluq istintaqının əsas fiqurlarından biri olan Hüseyn Gün isə effektiv peşmanlıq (tövbə) müddəalarından yararlanmaq üçün ətraflı ifadə verib. Polisə 262 səhifəlik ifadə təqdim edən Gün, 4 iyul tarixində saxlanıldığı həbsxanaya geri göndərilib.
Aytən Yaşar/ Turkustan.az