ABŞ-da yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi idarə etməkdə ittiham olunan və həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynlə bağlı istintaq sənədlərində adı tez-tez hallanan Microsoft-un həmtəsisçisi və keçmiş baş direktoru Bill Qeyts Epşteynlə vaxt keçirdiyinə görə peşman olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, ABŞ Baş prokurorunun müavini Todd Blanche Epşteynlə bağlı istintaq çərçivəsində 3 milyondan çox yeni faylın ictimaiyyətə açıqlandığını açıqlayıb. Bu sənədlərin dərcindən sonra Epşteynin yazışmalarına dair yeni detallar üzə çıxıb.
Sənədlərdə diqqət çəkən məqamlardan biri Epşteynin Bill Qeytslə bağlı yazışmaları olub.
Avstraliyada yerləşən 9 News saytına verdiyi müsahibədə Bill Qeyts Epşteyn sənədlərində adının hallanması və mediada səsləndirilən iddialarla bağlı sualları cavablandırıb. O bildirib ki, Epşteynlə 2011-ci ildə tanış olub və sonrakı üç il ərzində onunla bir neçə dəfə şam yeməyində iştirak edib.
Qeytsin sözlərinə görə, Epşteynin əsas marağı çox varlı insanları tanımaq və onlardan qlobal səhiyyə layihələri üçün maliyyə cəlb etmək olub: “Geriyə baxanda bunun səhv və çıxılmaz bir yol olduğunu görürəm”.
Epşteynlə keçirdiyi vaxtı “axmaqlıq” kimi dəyərləndirən Qeyts onu tanıdığına görə peşman olduğunu vurğulayıb.
Son dövrlər açıqlanan sənədlərdə yer alan iddialarla bağlı danışan Qeyts bildirib: “Görünür, Ceffri öz-özünə bir elektron poçt yazıb. Həmin məktub heç vaxt göndərilməyib və yalandır. Orada nə düşündüyünü bilmirəm. Mənə hansısa şəkildə hücum etməyə çalışırdımı? Bilmirəm. Amma onunla keçirdiyim hər an mənə bunu xatırladır: peşmanam və etdiklərimə görə üzr istəyirəm”.
Qeyd edək ki, açıqlanan bəzi fayllarda Bill Qeytsin “rus qızları” ilə münasibətlərindən sonra həmin dövrdə həyat yoldaşı Melinda Qeytsdən cinsi yolla keçən xəstəlikləri gizlətməyə çalışdığına dair iddialar da yer alıb.
İstəsən:
Aytən Yaşar/ Turkustan.az