Bakıda bir sıra avtobuslarda sərnişinlər üçün dayanacaqların adını göstərən monitor və səsləndirici sistemlər quraşdırılıb.
Lakin bu texnologiya bütün nəqliyyat vasitələrində mövcud deyil və mövcud olduqda belə, hər zaman istifadə olunmur. Xüsusilə yaşlı və əlil sərnişinlər üçün bu vəziyyət problem yaradır.
Məsələn, görmə və ya eşitmə məhdudiyyəti olan insanlar avtobusun dayanacaqda dayandığını əvvəlcədən bilməkdə çətinlik çəkir, nəticədə avtobusdan düzgün vaxtda düşə bilmirlər.
Bu sistemlərin bütün avtobuslarda tətbiqi ictimai nəqliyyatda vətəndaşların rahatlığı baxımından vacib məsələlərdəndir.
Niyə bütün avtobuslarda dayanacaq məlumatını verən vizual və səsləndirici sistemlər quraşdırılmayıb?
Məsələ ilə bağlı "Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, yeni gətirilən avtobuslarda səslənmənin təmin edilməsi istiqamətində əlavə qurğuların quraşdırılması ilə bağlı texniki işlər aparılır:
“Hazırda 1054 avtobusda dayanacaqların səsləndirilməsini həyata keçirən qurğu mövcuddur. Bunlardan 815 ədədi gündəlik istismar olunur.
Daşıyıcılar tərəfindən yeni gətirilən daha 107 avtobusda səslənmənin təmin edilməsi istiqamətində əlavə qurğuların quraşdırılması ilə bağlı texniki işlər aparılır.
Texniki işlər yekunlaşdıqdan sonra ümumilikdə 1 161 avtobusda səslənmə təmin olunacaq. Qeyd edək ki, Bakıya yeni gətirilən və sərnişindaşıma üçün xəttə buraxılan avtobuslar bu sistemlə təchiz olunub".