ABŞ-ın nüvə sınaqlarına başlamaq niyyəti beynəlxalq aləmdə ciddi rezonans doğurub.
Vaşinqtonun bu istiqamətdə atacağı addımlara cavab olaraq Rusiya da öz növbəsində oxşar sınaqlara başlayacağını bəyan edib. Kreml rəhbərliyinin bu qərarı Qərblə gərgin münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Ekspertlər hesab edirlər ki, iki nüvə gücünün paralel şəkildə sınaqlara hazırlaşması təkcə strateji sabitliyi deyil, həm də qlobal təhlükəsizlik sistemini sual altına alır. Dünyanın müxtəlif paytaxtlarında bu vəziyyət birmənalı qarşılanmayıb — bəzi dövlətlər bunu “soyuq müharibə ritorikasının qayıdışı” kimi qiymətləndirir, digərləri isə qüvvələr balansının qorunması baxımından zəruri addım sayır.
Maraqlıdır görəsən, ABŞ-ın sınaqlara başlaması Rusiyanı niyə bu qədər narahat edir? Turkustan.az olaraq bu sualı politoloq Məhəmməd Əsədullazadəyə ünvanladıq.

Məhəmməd Əsədullazadə
ABŞ-ın nüvə sınaqlarına başlaması, təbii ki, həm Rusiya, həm də Çinin artan ekspansiyasına qarşı öz hərbi və siyasi mövqeyini ortaya qoyması kimi qiymətləndirilə bilər. Çünki hazırda Çin iqtisadi, Rusiya isə hərbi və geosiyasi müstəvidə ABŞ-la rəqabət aparır və ikiqütblü dünya düzənini formalaşdırmaq istiqamətində siyasət yürüdür.
Həm Çin, həm də Rusiya son illərdə hərbi potensialını gücləndirib və nüvə sınaqları keçirməyə dair mesajlar verir. Bundan öncə də Rusiya Qərbi nüvə silahı ilə təhdid etmişdi. Bütün bu proseslər Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra daha da kəskin xarakter alıb. Əslində, Rusiya Ukraynaya qarşı müharibə aparmaqla, eyni zamanda Qərbə qarşı da mübarizə aparır.
Bu şəraitdə ABŞ-ın nüvə sınaqları keçirməsi təsadüfi deyil. Göründüyü kimi, dünya yeni bir siyasi nizama qədəm qoyur. Bu nizam diplomatiya və danışıqlar yolu ilə deyil, daha çox müharibələr və nüvə sınaqları vasitəsilə formalaşır. Tərəflər bu yolla öz təsir zonalarını və güc mərkəzlərini müəyyənləşdirməyə çalışır.
ABŞ-ın əsas məqsədi təkqütblü dünya nizamını qorumaq və bu sistemdə liderliyini saxlamaqdır. Rusiya və Çin isə bununla razılaşmır. Bu mənada, ABŞ-ın nüvə sınaqlarına başlaması həm Rusiya, həm də Çinə qarşı ciddi siyasi və hərbi mesaj kimi qiymətləndirilir.
Aytən Yaşar/ Turkustan.az