Bakıdakı ermənilərlə bağlı mühüm gedişat: aqibətləri belə olacaq – İki seçim


Xəbər verdiyimiz kimi, Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilən cinayətlərdə təqsirləndirilən bir qrup separatçının cinayətləri məhkəmədə sübuta yetirilib. Belə ki, təqdim olunan materiallar əsasında Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan və digər şəxslərin bu cinayətlərdə birbaşa iştirakı təsdiqlənib. Məhkəmə prosesindən öncə İrəvanda onların azadlığa buraxılacağı ilə bağlı gözlənti yaransa da, son gedişat bu ehtimalı zəiflədib.

Son məhkəmə qərarından sonra onları hansı cəza gözləyir?

Globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, bu şəxslərin cinayət fəaliyyətləri Qarabağ münaqişəsinin başlanmasından həbs olunduqları günə qədər davam edib:

“Azərbaycana qarşı törədilən bu cinayətlər faktiki olaraq 1988-1989-cu illərdən başlayaraq bir çox qırğınlarda, o cümlədən Xocalı soyqırımında iştirakla müşayiət olunub. Həbs olunmadan əvvəlki dövrdə olduğu kimi, bu şəxslərin cinayət əməlləri sonrakı mərhələdə də davam edib. Onlar müəyyən separat addımlar atmağa, terror xarakterli hərəkətlər törətməyə cəhd göstəriblər. Yalnız antiterror əməliyyatlarından sonra sözügedən şəxslərin hamısı saxlanılıb. Törədilən əməllər mahiyyətcə “davam edən cinayətlər” kateqoriyasına daxildir. Buna görə də onlar barəsində ağır cəza nəzərdə tutulur”.

Bakıdakı ermənilərlə bağlı mühüm gedişat: aqibətləri belə olacaq – İki seçim
Mehman Muradlı

Vəkil qeyd edib ki, bu şəxslər 1992-ci ildə Xocalı soyqırımını törətdikdən sonra cinayət fəaliyyətlərini dayandırsaydılar, köhnə redaksiyaya əsasən onlara maksimum 15 il azadlıqdan məhrumetmə cəzası verilə bilərdi:

“Lakin cinayətlər dayandırılmadığı və uzun müddət davam etdiyi üçün indiki qanunvericiliyə əsasən, bu əməllərə görə ən azı 20 il azadlıqdan məhrumetmə və ya hətta ömürlük həbs cəzası nəzərdə tutula bilər. Hesab edirəm ki, bu şəxslərin törətdiyi cinayətlərin xarakteri və davamlılığı nəzərə alınaraq, onlar ən azı 20 il müddətinə azadlıqdan məhrum ediləcək”.

Qeyd edək ki, araşdırmalara görə, A.Arutyunyan 1990-cı illərdə Xocalı və Kərkicahandakı döyüşlərdə iştirak edib. L.Mnatsakanyanın da Ermənistan ordusunun tərkibində qarşı aparılan müharibədə döyüşdüyü və “qondarma rejimin ordu quruculuğunda” fəal rol oynadığı müəyyən edilib.


MANŞET XƏBƏRLƏRİ