İsveç dünyada nağd pulun yerini rəqəmsal ödənişlərin aldığı ilk ölkə olma yolunda sürətlə irəliləyir.
Hazırda ölkədə edilən ödənişlərin cəmi təxminən 10 faizi nağd şəkildə həyata keçirilir, qalan hissəsi isə mobil tətbiqlər və təmassız kartlarla baş tutur. Qəhvədən tutmuş avtobus biletlərinə qədər hər şey artıq mobil telefonla ödənilir.
Turkustan.az xəbər verir ki, paytaxt Stokholmda insanlar gündəlik ödənişlərini tamamilə rəqəmsal üsullarla həyata keçirirlər. Qəhvə almaq, metroya minmək və ya market alış-verişi üçün nağd puldan istifadə olunmur. Bir çox kafe, mağaza və ictimai nəqliyyat müəssisəsi yalnız kart və ya mobil ödəniş qəbul edir.
Ölkədə “Swish” adlı mobil tətbiq ən geniş yayılmış ödəniş vasitəsinə çevrilib. Pulqabı daşımaq əvəzinə hər kəs əməliyyatlarını telefonla həyata keçirir. İsveç Mərkəzi Bankının məlumatına görə, ölkədəki bank şöbələrinin böyük hissəsində artıq nağd pulun çıxarılması və yatırılması mümkün deyil. Bəzi şöbələrdə isə nağd pul kassaları tamamilə ləğv olunub.
Bu vəziyyət İsveçi dünyada “ilk nağdsız cəmiyyət” olma hədəfinə hər il bir addım daha yaxınlaşdırır. Mütəxəssislər rəqəmsal ödənişlərin həm təhlükəsizliyi artırdığını, həm də iqtisadiyyatı sürətləndirdiyini bildirirlər.
İsveçin qonşusu Norveçdə əməliyyatların 95 faizindən çoxu rəqəmsal şəkildə həyata keçirilir. Finlandiya, Danimarka, Cənubi Koreya və Çin də rəqəmsal ödəniş sahəsində sürətlə irəliləyir. Çində QR kodla ödəniş artıq küçə satıcıları arasında belə geniş yayılıb, Cənubi Koreya hökuməti isə 2030-cu ilə qədər tamamilə nağdsız cəmiyyət qurmağı hədəfləyir. /cebheinfo.az/