Beyləqan rayonun Baharlı qəsəbəsində anadan olur...
Orta təhsilini Beyləqan rayonunun Baharlı qəsəbəsi Sərdar İmrəliyev adına tam orta məktəbdə alır...
Sosialist Əməyi Qəhrəmanı, pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olan Sərdar İmrəliyevin qardaşı oğludur...
Vətən müharibəsinə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "Kobra" xüsusi təyinatlı dəstəsinin komandiri olaraq qoşulan, Cəbrayıl, Füzuli, Xocavənd, Murovdağ və Şuşa uğrunda döyüşlərdə şəxsi ilgidlik və mərdlik nümayiş etdirən, Daşaltı istiqamətində gedən döyüşlərdə şücaətlə döyüşərək yaralanan Dövlət Təhlükəsizlikəsizlik Xidmətinin polkovniki, Vətən Müharibəsi Qəhrəmanı Füzuli İmrəliyev!
Qəhrəmanımız vətən qarşısındakı xidmətlərinə görə "Hərbi xidmətlərə görə" medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı, "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları, "Vətən Müharibəsi Qəhrəmanı" medalı və "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib.
Qəhrəmanımız müharibə xatirələri ilə bağlı deyir: "Döyüşçü yoldaşlarımızla birgə "Canımız vətənə, qanımız torpağa, ruhumuz bayrağa fəda olsun" şüarı ilə müzəffər Ali Baş Komandanımızın əmri ilə ölkə bütünlüyünün bərpası, Ermənistan işğalına son qoymaq və düşmənin hücum əməliyyatlarının qarşısını almaq məqsədilə əks hücum əməliyyatlarına başladıq. İlkin olaraq Kəlbəcər istiqamətindən Murovdağ yüksəkliyi adlanan yerdən əks hücum əməliyyatlarına başladıq. İlk gündən ordumuz, döyüşçülərimiz Qarabağımızı geriyə qaytarmaq üçün, işğaldan azad etmək üçün necə bir ruh yüksəkliyində olduqlarını nümayiş etdirdilər. Və bu ilkin döyüş başlanğıcından bizə məlum oldu ki, son hədəfə catacayıq....
Ulu öndərin və cənab prezidentin apardığı siyasət nəticəsində həm yeni silahlanma, təminat-təhcizat, həm ordunun dünya ordu modelinə inteqrasiya eləməsi və bu döyüşü idarə edə biləcək bacarıqlı komandirlərin yetişməsi üçün bu müddət ərzində geniş hazırlıq işləri aparıldı. Biz də illər uzunu bu döyüşə hazırlaşırdıq və nəticəsi də düşündüyümüz kimi oldu. Bu tapşırıqların icrası üçün müəyyən hazırlıq keçmək lazım idi. Şəxsi heyətin düzgün seçilməsi, onların formalaşdırılması, onların döyüş əzminin yüksəldilməsi və taktiki keyfiyyətlərinin yüksək səviyyədə olması vacib idi ki, bu fəaliyyəti icra edə bilək. Yaxşı bir söz var: "Uğurumuz hədəfimiz qədərdir." Bizim seçdiyimiz hədəfimiz bəlli idi. İstər qısa zaman üçün olsun, istər uzun zaman üçün planlaşdırılmış hədəflər olaraq bölsək uzun mərhələli prosesə bizim hazırlıq mərhələmiz kimi baxmaq olar. Amma qısa zaman içində biz Şuşanı ələ keçirməli idik, Qarabağı tam azad eləməli idik. Və düşünürəm ki, qarşıya qoyulan tapşırıq istənilən hərəkət buna planlanmışdı. Bizdən istənilən bu idi! Təsadüfi deyil ki, qısa bir dönəm içində igid Azərbaycan oğulları ilə, qoşun növləri ilə birgə və təbii ki, bizim xüsusi təyinatlılarımızla birgə bu fəaliyyəti biz icra etdik. Fəaliyyəti icra edərkən "bacarmarıq" deyə bir düşüncəni ağlımızdan heç keçirtmədik. Komandir yoldaşlardan biri mənə dedi ki, "Artıq Şuşaya girmək vaxtıdır, hər halda heç olmasa bir 50 nəfər qalarıq" . 5-10 nəfərimizin də ora girə bilməsi bizim üçün artıq qələbə idi. Çünki, biz əmin idik ki, xüsusi təyinatlılar Şuşanı saxlayacaq, qoruyacaq! Və çox şükr, istədiyimiz kimi, planladığlmız kimi bütün taktiki vəziyyətləri ələ alandan sonra, üstünlüyü qurandan sonra yüksək səviyyədə planlanmış taktikayla Şuşa əməliyyatı icra olundu və bizə uğur gətirdi. Şuşa əməliyyatı tam məxfi planlanmışdı və özümüz dədöyüşçü kimi son anda, tapşırığı alanda bilirdik ki, fəaliyyətimiz hansı şəkildə icra olunacaq. Bu döyüş əməliyyatı kimisi aldatma, kimisi sızma əməliyyatı icra edirdi. Ümumi məqsəd Şuşanı ələ keçirtmək idi. Tam anlamıyla düşmənin bizi gözlədiyi və gözləmədiyi tərəflərdən eyni zamanda hücum əməliyyatı icra etdik. Xankəndi yolunu bağlayan digər birliklərimiz orada düşmənlə qarşılaşanda düşmənin həmin ərazidən heç kimin gələ bilməyəcəyinə əmin olduqlarını gördülər."
Qeyd edim ki, qəhrəman zabitimizin bacısı oğlu 26 yaşlı Məhəmməd Hüseynov Vətən müharibəsində qəhrəmancasına döyüşərək Cəbrayıl uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. O, Türkiyədə Jandarma Komando Məktəbində 6 aylıq xüsusi təyinatlılar kursunu keçmiş, paraşütlə atlanma, əlbəyaxa döyüş və sualtı dalğıc kurslarında yüksək mıharət göstərərək fərqlənmə diplomu ilə təltif edilmişdi.
Qələbə yalnız güclülərə yox, həm də səbrli və bacarıqlı olanlara qismət olur deyirlər. Zabitlərimizin, döyüşü idarə edən komandirlərimizin təkcə gücə deyil, səbrə, ağıla və bacarığa sahib olmaları bu qələbəmizi labüd etdi. Belə zabitlərimizdən biri də Füzuli İmrəliyevdir. Spzlərindən aydın olur ki, igid zabit olmaqla yanaşı, o həm də çox təvazökar insandır. Xalqına, vətəninə bağlı bir qəhrəmandır: "Qələbə bizim üçün öz xidməti vəzifə borcumuzu yerinə yetirməklə bərabər xalqımıza, gənclərə hansı keyfiyyətə malik olan bir xalq olduğumuzu göstərməkdir".
Azərbaycanın Zəfər tarixini yazanlardan biri olan qəhrəmanımız hazırda dövlətimizin təhlükəsizliyini təmin edən zabitlərimizdəndir. Bu yolda qəhrəmanımıza uğurlar, müvəffəqiyyətlər arzu edirik!
Çox sevdiyin vətənin və xalqın səninlə qürur duyur, Vətənin, millətin qəhrəman oğlu!
Atdığınız hər bir addım sizi uğura, ucalığa götürsün vətənin, millətin adını ucaldan qəhrəman!
Sevinc Bəhmənli



