Mərkəzi Asiyanın enerji resurslarında, xüsusilə neft-qaz sektorunda ABŞ şirkətlərinin böyük payı və rolu var. Məhz bu siyasi maraqlar çərçivəsində ABŞ Prezidenti Donald Tramp Mərkəzi Asiyada nəqliyyat-logistika marşrutlarını canlandırmaq niyyətindədir.
Turkustan.az xəbər verir ki, bu barədə Qazaxıstanın “Kazinform” agentliyi yazıb.
“Qırğızıstan və Özbəkistandakı alternativ dəmir yolu xətləri ilə yanaşı, Qazaxıstanın təklif etdiyi Orta Dəhliz əsas diqqət mərkəzindədir. Trampın ikinci prezidentlik dövründə, xüsusilə Qazaxıstan və Özbəkistan öz nəqliyyat-logistika mərkəzlərini yaratmağa çalışır.
Bu rəqabətdə Qazaxıstanın çox qazanc əldə edəcəyi görünür. Buna Donald Trampın Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının əldə edilməsinə vasitəçi rolu təkan verdi. Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaya əsasən, Zəngəzur dəhlizini Amerika şirkəti 99 illik icarəyə götürür. “Beynəlxalq Sülh və Rifah yolu üzrə Tramp Marşrutu” (TRIPP) adlanan bu istiqamət Orta Dəhlizlə birləşərsə, bu deməkdir ki, əsas tranzit yükü bizim payımıza düşəcək. Kasım-Jomart Tokayev və Donald Tramp arasında aparılan danışıqlarda iki dəhlizin məsələsinin müzakirə olunması uğurlu nəticənin yaxınlaşdığını göstərir”, - məqalədə qeyd olunub.
Qazaxıstan agentliyi ABŞ liderinin Zəngəzurla bağlı açıqlamasına da diqqət çəkib: “Donald Tramp bildirib ki, “Tramp yolu” adlandırdığı Zəngəzur dəhlizinin tikintisi Xəzər dənizinin hər iki sahilində yerləşən ölkələr (Azərbaycan) və Mərkəzi Asiya üçün yeni imkanlar yaradacaq”.
Məsələ ilə əlaqədar agentliyə danışan ekspert Fərhad Kasenov söyləyib ki, Mərkəzi Asiya, o cümlədən Qazaxıstanın istehsal gücü ABŞ üçün əsas seçim kimi görünür: “Ölkəmiz nadir metalların istehsalını artırmaq və məhsulları dünya bazarında yüksək qiymətə satmaq üçün ideal mərhələdədir. Bunun üçün Orta Dəhlizin yükgötürmə qabiliyyətinin genişləndirilməsi və yeni dəmir yolu xətlərinin çəkilməsi lazımdır”.
Xatırladaq ki, bundan əvvəl Ağ Evdə Mərkəzi Asiyanın beş ölkəsi – Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistan liderlərinin Donald Trampla C5+1 formatında sammiti keçirilib. ABŞ Prezidenti həmkarları ilə ayrı-ayrılıqda da görüşüb./teleqraf