Vətəndaş niyə topladığı pensiya kapitalından vaxtından əvvəl istifadə edə bilmir?


Azərbaycanda bir çox vətəndaş illərlə işləyərək pensiya kapitalı toplayır. Lakin bəzən bu vəsaitə ahıllıq dövrünü gözləmədən, məsələn, mənzil almaq, müalicə xərclərini qarşılamaq və ya təhsilə yönəltmək üçün ehtiyac yaranır. Maraqlıdır, niyə vətəndaş topladığı pensiya kapitalından vaxtından əvvəl istifadə edə bilmir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, bu, mövcud qanunvericiliklə bağlı məsələdir və Azərbaycanda belə bir imkan nəzərdə tutulmayıb.

“Bir çox ölkələrin təcrübəsində pensiya kapitalından müəyyən hədlər çərçivəsində müxtəlif məqsədlər üçün istifadə mümkündür. Adından da göründüyü kimi, bu, pensiya kapitalıdır. Lakin Azərbaycanda hazırda mövcud sistem həmrəyliyə əsaslanır. Pensiya sistemində gəlirlər xərcləri tam qarşılamır və subsidiyalaşmış bir sistem mövcuddur. Qeyri-formal əmək bazarının genişliyi və adekvat yığım mexanizmlərinin məhdudluğu gəlirlərin artırılması imkanlarını da azaldır,” – deyə iqtisadçı vurğulayıb.

Rəşad Həsənovun sözlərinə görə, hökumət daha konservativ pensiya modeli formalaşdırıb və bu model vəsaitin vaxtından əvvəl istifadəsinə icazə vermir:

“Əgər bu yanaşma tətbiq edilsə, mütərəqqi addım hesab oluna bilər. Lakin əsas məqsəd vətəndaşın ahıllıq dövründə minimum təminatının və təqaüdünün maliyyələşdirilməsidir. Buna görə də indiki şərtlər daxilində pensiya kapitalının əvvəlcədən istifadəsi qanunvericiliklə mümkün deyil.”


MANŞET XƏBƏRLƏRİ