Sumqayıtda qanunsuz küçə ticarətinə qarşı keçirilən reyd zamanı Şəhər İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunun baş məsləhətçi Samir Bədəlovun satıcının meyvə-tərəvəzini avtomobilə yükləyib aparması ciddi ictimai narazılığa səbəb olub. Bəs həmin məmurla bağlı hansı tədbir görülüb?
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən “Yeni Sabah”a bildirilib ki, Samir Bədəlovla bağlı hər hansı inzibati tənbeh yaxud başqa tədbir görülməyib.
Qeyd olunub ki, şəhərdə qanunsuz ticarət hallarına qarşı mübarizə tədbirləri görülür. Bu tədbirlər Sumqayıt Şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumların birgə iştirakı ilə keçirilir və qabaqlayıcı xarakter daşıyır.
Məqsəd isə piyadaların sərbəst hərəkətinin təmin edilməsi, sanitariya-gigiyena normalarına riayət olunması və şəhər ərazisində qanunvericiliyin tələblərinə uyğun ticarət mühitinin formalaşdırılmasıdır.
Pravda.az isə xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərdə keçirilən reyddə baş verən narazılıqla əlaqədar iclas keçirib.
O, Samir Bədəlovu danlayıb və xəbərdarlıq edib.
S.Bədəlov isə reyd zamanı anlaşılmazlıq yarandığını bildirib, bir də belə hallara yol verməyəcəyini deyib.
İcra başçısı əməkdaşlara müvafiq tapşırıqlar verib.