Çin avtomobilləri bahalaşdı: Yerli maşınlara bazar açılacaq?


2025-сi ildə Azərbaycanda 4038 ədəd və ya əvvəlki illə müqayisədə 1960 ədəd (və ya 32,7%) az minik avtomobili istehsal olunub (yığılıb).

Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında göstərilib. Dövr ərzində əvvəlki illə müqayisədə traktorların istehsalı 23,9 faiz azalaraq 474 ədəd, yük avtomobillərinin istehsalı isə 60,8 faiz azalaraq 273 ədədə düşüb. Qeyd edək ki, son illər Azərbaycanda əsasən idxal avtomobillər üstünlük təşkil edir.

Ancaq bununla yanaşı, "Azərmash" (Xazar/Niva/Peugeot/FAW), "Ganja Auto Plant" (VAZ/URAL/ZIL), "Siyazan Auto Plant" (Ford), və NAZ-EV (elektrikli/qaz avtomobilləri) kimi zavodlarda müxtəlif markaların (məsələn, Lada, Peugeot, Ford, FAW, və yerli elektrikli/qaz) avtomobillərinin yerli yığılması davam edir.

Əsasən köhnə avtomobillərin idxalının məhdudlaşdırılması və hibridlərdən vergi güzəştlərinin bitməsi ilə bağlı cari bazar tələbi daha yeni və yaşının az olduğu (7 ilədək) avtomobillərə doğru dəyişir.

Hazırda yerli istehsalın azalması istehlakçıların yerli məhsullara tələbinin olmamasından irəli gəlir? Bu tendensiya davam edəcəkmi?

Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Cebheinfo.az”-a bildirib ki, ölkəmizdə avtomobil istehsalına böyük ehtiyac var:

“Hazırda istehsal var və getdikcə istehsal sayı artacaq. Sadəcə ötən il ərzində Çindən gətirilən avtomobillər qiymət baxımından bizim ölkəmizdə istehsal olunan avtomobillərlə rəqabətdə daha önə çıxdılar.

Bu təkliflərinə görə bizim ölkədə istehsal olunan avtomobillərə maraq bir qədər azaldı. Təbii ki, maraq azalırsa, istehsal da azalır”.

O bildirib ki, 2026-cı ildən Çində də qaydalar dəyişir:

“Ölkəmizdə hibridlərə tətbiq edilən güzəştin müddəti artıq bitib. Yerli alıcılar ölkəmizdə istehsal olunan avtomobillərin qiymət baxımından daha sərfəli olduğuna görə yenidən belə avtomobillərə müraciət edəcəklər və bu istehsalın payı artacaq.

Ümumiyyətlə, bizim ölkədə minik avtomobillərindən başqa yük avtomobilləri, avtobuslar, traktorlar da istehsal olunur. Minik avtomobillərinin istehsalı məsələsinə gəldikdə plan belədir ki, perspektivdə, qarşıdan gələn illər ərzində ölkəmizdə istehsal olunan avtomobillərin sayını ildə 10 min ədədə çatdıraq. Buna da mərhələ ilə nail olmaq mümkünüdür”.


MANŞET XƏBƏRLƏRİ