Nazirlər Kabinetinin müvafiq qərarından sonra taksi ilə sərnişin daşımaları üçün kvotanın 25 000 olmasına baxmayaraq, heç bir aktiv buraxılış kartı ləğv olunmayacaq.
Turkustan.az xəbər verir ki, bu haqda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilir ki, hazırda taksi fəaliyyəti üçün 35 000 aktiv buraxılış kartı mövcuddur.
“Buraxılış kartı yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda ləğv oluna bilər.
Qeyd edək ki, limit sürücülərin yox, nəqliyyat vasitələrinin sayına tətbiq edilir. Hazırda taksi daşımalarında sürücüyə kifayət qədər tələbat mövcuddur. Təlim və hazırlıq işləri davam etdirilir. Bir nəqliyyat vasitəsi bir neçə sürücü tərəfindən idarə oluna bilər və bu, taksi daşımalarında iş və istirahət rejiminə riayət olunmasına töhfə verir.
Dövlət İmtahan Mərkəzi tərəfindən sürücülərin hazırlığının qiymətləndirilməsi məqsədilə keçirilən imtahanlar davam edir. İmtahanda uğurlu nəticə əldə etmiş və şəhadətnamə almış şəxslər taksi fəaliyəti ilə məşğul ola biləcəklər”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən qəbul edilən Qərara əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq ediləcək. /modern.az/