“Səssiz anlaşma: Təhlükəsiz hərəkət” layihəsinin yekun tədbiri keçirilib - FOTOLAR


“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Səssiz anlaşma: Təhlükəsiz hərəkət” layihəsi uğurla başa çatıb. Layihənin yekun tədbiri 23 sentyabr – Dünya Jest Dilləri Günü münasibətilə Milli QHT Forumunun iclas zalında dəyirmi masa formatında keçirilib.

QHT.az xəbər verir ki, tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin işarət dilində səsləndirilməsi ilə başlayıb. Ardınca layihə rəhbəri Cəmilə Abdulova layihə barədə geniş təqdimatla çıxış edərək görülən işlər və əldə olunan nəticələr haqqında məlumat verib.

Layihə 3 ay ərzində davam edib və bu müddət ərzində bir sıra mühüm işlər həyata keçirilib. Belə ki, Dövlət Yol Polisinin nəqliyyatın idarəetmə sisteminin, təhlükəsizliyin təmin edilməsi üçün hazırlanan 9 maarifləndirici videoçarxı İşarət dilinə tərcümə olunub, yol hərəkəti qaydaları və təhlükəsizlik mövzusunda bukletlər hazırlanıb, eşitmə məhdudiyyətli sürücülərə verilən xüsusi yol nişanlarının tanıdılması istiqamətində fəaliyyət göstərilib.

Layihənin əsas məqsədi eşitmə məhdudiyyətli sürücülərin yol hərəkətində təhlükəsizliyinin artırılması, onların elektron resurslardan istifadəsinin əlçatanlığının təmin edilməsi, eləcə də cəmiyyətdə bu mövzuya diqqətin artırılması olub. Bu təşəbbüs həm eşitmə məhdudiyyətli şəxslərin həyatında rahatlıq yaradır, həm də ümumi yol təhlükəsizliyi mədəniyyətinin formalaşmasına xidmət edir.

Əlavə olaraq, layihə müddətində eşitmə məhdudiyyətli sürücülərin fikirləri və təklifləri öyrənilib. Onların əsas istəklərindən biri sürücülük vəsiqələrinin qüvvədə olma müddətinin 2 ildən 5 ilə qaldırılması ilə bağlı olub. Bu təklif artıq müvafiq dövlət qurumuna təqdim olunmaq üçün hazırlanır.

Tədbirdə həmçinin “Konstitusiya və Suverenlik İli” çərçivəsində hazırlanmış xüsusi videoçarx nümayiş olunub. Bu video eşitmə məhdudiyyətli şəxslərin Konstitusiya qarşısında digər vətəndaşlarla bərabər hüquqlara sahib olduğunu vurğulayır və onların cəmiyyətin tamhüquqlu üzvü olduqları mesajını verir.

Dəyirmi masa müzakirələrində dövlət qurumlarının, QHT-lərin və media nümayəndələrinin iştirakı təmin olunub. Tədbir iştirakçıları layihənin əhəmiyyətini yüksək qiymətləndirərək qeyd ediblər ki, bu kimi təşəbbüslər eşitmə məhdudiyyətli şəxslərin sosial inteqrasiyası və yol hərəkətində təhlükəsizliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. “Səssiz anlaşma: Təhlükəsiz hərəkət” layihəsi göstərdi ki, yol hərəkəti yalnız eşidənlərin deyil, həm də səssiz iştirakçıların təhlükəsizliyi nəzərə alınmaqla daha dayanıqlı və anlayışlı ola bilər. Bu, inklüziv cəmiyyət quruculuğuna töhfə verən nümunəvi bir təşəbbüs kimi dəyərləndirilir.

Fotolar


MANŞET XƏBƏRLƏRİ