“Zəngəzur dəhlizi Azərbaycan və Türkiyənin nəzarətində olacaq”.
Turkustan.az Teleqraf-a istinadən xəbər verir ki, bunu erməni politoloq Arman Abovyan deyib.
Onun fikrincə, dəhlizə avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Bakı və İrəvan arasında imzalanmış razılaşma əsasında Türkiyə və Azərbaycan nəzarət edəcək.
Abovyan marşrutun “Tramp yolu” yox, məhz Zəngəzur dəhlizi adlandırılacağını bildirib: “Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatında marşrutu “Tramp yolu” yox, Zəngəzur dəhlizi adlandırıb”.
Erməni ekspert əmindir ki, dəhlizi Türkiyə-Azərbaycan tandeminə təhvil verilib:
“Trampın özü də Vaşinqtonda keçirilən görüşdə dəfələrlə Sünikdən (Qərbi Zəngəzur) keçən yoldan dəhliz kimi danışmışdı. Yəni ABŞ prezidenti faktiki olaraq söhbətin adi yoldan yox, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında açılacaq dəhlizdən getdiyinə işarə eləmişdi.
Ola bilsin, kimlərsə unudub ki, rəsmi olaraq “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) adlandırılan layihə ABŞ-yə tranzit dəhlizinin inkişafı üçün müstəsna hüquqların verilməsini nəzərdə tutur. Başqa sözlə, bu, ekstraterritorial dəhlizdir”.
Abovyan Zəngəzur dəhlizinə nəzarət məsələsinə də toxunub: Ermənistan ərazisindən, Azərbaycan sərhədindən keçən yükləri və insanları kim yoxlayacaq? Əslində, cavab bəllidir. Şübhəsiz ki, TRIPP ABŞ vasitəsilə Türkiyə və Azərbaycana hədiyyədir. Bununla bağlı aydın olmayan nəsə varmı? Nə deyilməsindən asılı olmayaraq, Ermənistan hökuməti dəhlizlə bağlı razılaşmaları yerinə yetirəcək”.