“Səssiz anlaşma: Təhlükəsiz hərəkət” layihəsinin ikinci mərhələsi davam edir


“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Səssiz anlaşma: Təhlükəsiz hərəkət” layihəsini uğurla davam etdirir.

QHT.az xəbər verir ki, layihənin ikinci mərhələsində əsas diqqət maarifləndirici vizual materialların hazırlanmasına yönəlib. Bu çərçivədə 8 müxtəlif mövzunu əhatə edən videoçarxlar hazırlanıb və hər biri işarət dilinə tərcümə olunub. Videoçarxların mövzuları yol hərəkətində təhlükəsiz davranış, sürücülərin diqqət etməli olduğu qaydalar və eşitmə məhdudiyyətli şəxslərin ehtiyaclarına uyğun situasiyaları özündə əks etdirir.

Bununla yanaşı, layihənin vacib hissələrindən biri olan informasiya bukletlərinin hazırlanması üzrə də işlər aparılır. Bukletlərdə yol nişanlarının izahı, eşitmə məhdudiyyətli sürücülərin diqqət etməli olduğu məqamlar və ümumi təhlükəsizlik qaydaları sadə və aydın formada təqdim olunacaq.
Layihənin bu mərhələsi, həm eşitmə məhdudiyyətli şəxslərin maarifləndirilməsinə, həm də onların yol hərəkətində təhlükəsiz iştirakını dəstəkləyən yeni resursların hazırlanmasına xidmət edir. Gözlənilir ki, hazırlanmış materiallar layihənin sonrakı aylarında praktiki istifadəyə veriləcək.

“Səssiz anlaşma” – təhlükəsizlik səsdən daha önəmlidir!


MANŞET XƏBƏRLƏRİ