“Çin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) maliyyə cəhətdən daha da inkişaf etdirilməsinə dəstək verəcək”.
Turkustan.az xəbər verir ki, bunu Çin Sədri Si Cinpin sentyabrın 1-də ŞƏT-in Tiencin şəhərində keçirilən sammitində deyib.
“Təkcə bu il Çin ŞƏT-ə üzv olan ölkələrə 2 milyard yuan qrant verəcək. Növbəti üç il ərzində Çin ŞƏT-in Banklararası Assosiasiyasının üzvlərinə 10 milyard yuan yeni kreditlər verəcək”, - Çin lideri bildirib.
Si Cinpin Azərbaycan və Ermənistanın təşkilata mümkün üzvlüyünə toxunaraq qeyd edib: “Çin Azərbaycan və Ermənistanın ŞƏT-ə daimi üzv kimi üzvlüyünü dəstəkləyir. Bu ölkələr artıq Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusuna malikdir”.
Məsələ Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin Tiencin bəyannaməsində də təsbit olunub.
Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Onun tərkibinə Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan, Özbəkistan və Belarus daxildir.
Əfqanıstan və Monqolustan təşkilatda müşahidəçi, Azərbaycan, Türkiyə, Ermənistan, Bəhreyn, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv Adaları, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Şri-Lanka isə dialoq üzrə tərəfdaş qismində çıxış edirlər. /teleqraf.az/