Alyaska danışıqları: Ukrayna əraziləri masada - Zelenski güzəştə gedəcək? - ŞƏRH


15 avqust tarixində ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında Alyaskada keçirilməsi planlaşdırılan görüş beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Görüşün gündəliyində Ukrayna müharibəsi və mümkün atəşkəs şərtləri əsas yer tutur.

Lakin bu görüş ərəfəsində Ukrayna Prezidenti Volodimir Zelenski narahatlığını açıq şəkildə ifadə edib. O, xüsusilə də ABŞ-Rusiya danışıqlarında Ukraynanın iştirakı olmadan ərazi məsələlərinin müzakirə edilməsinə qarşı çıxır və Kiyevin ərazi bütövlüyü məsələsində güzəştə getməyəcəyini bildirir.

İndi əsas sual budur: ABŞ-Rusiya danışıqları Ukraynanın iştirakı olmadan hansı nəticəyə gətirib çıxara bilər və Kiyev bu nəticələri qəbul edəcəkmi? Turkustan.az olaraq bu suallarımızı politoloq Samir Hümbətova ünvanladıq.

Samir Humbatov on X: "Samir Hümbətov:

Samir Hümbətov

Mən düşünmürəm ki, Ukrayna ərazi məsələsində güzəştə gedəcək. Çünki bu qədər itkidən sonra Zelenskinin belə bir addım atması, təkcə onun hakimiyyətdən getməsi ilə nəticələnə bilər, həm də ölkə daxilində ciddi narazılıqlara və problemlərə səbəb ola bilər. Bu mərhələdə hər hansı genişmiqyaslı razılaşmanın əldə olunacağı inandırıcı görünmür.

Ola bilsin ki, bəzi texniki və ya xırda detallarla bağlı razılaşmalar əldə olunsun, lakin Zelenski artıq üç ildir davam edən müharibə fonunda Krımı və digər işğal olunmuş əraziləri geri almadan geri çəkilməyəcəklərini bildirib. İndi isə birdən-birə Rusiya Krımı və dörd vilayəti – Donetsk, Xerson, Luqansk və Zaporojeni – öz nəzarətində saxlayacaqsa, bu, Ukrayna daxilində çox ciddi siyasi və ictimai gərginliyə yol aça bilər.

Digər tərəfdən, Putinə güvən yoxdur və ukraynalılar ona ümumiyyətlə etibar etmirlər. Bu səbəbdən də düşünmürəm ki, Ukrayna tərəfi ərazi güzəştinə gedəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ