QHT Ağsuda insan alverinə qarşı mübarizə tədbiri təşkil edib - FOTOLAR


"Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "İnsan alverinə qarşı sosial mediada sayıqlılığın artırılması" layihəsinin icra planına uyğun olaraq növbəti tədbirini bu gün Ağsu rayonunda keçirdi.

QHT.az xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, təhsil, səhiyyə və mədəniyyət sektorunun işçiləri, rayon Polis Şöbəsinin əməkdaşları, sosial şəbəkə fəalları, digər dövlət qurumlarının və özəl sektorun nümayəndələri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan "Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova bildirdi ki, həyata keçirdikləri layihənin əsas məqsədi sosial şəbəkə xidmətləri vasitəsilə insan alveri ilə bağlı məlumatlılığı artırmaq, istismarın yeni qurbanlarının sayının azaldılmasına töhfə vermək, cəmiyyətin dərin rəqəmsallaşmasından istifadə edərək insan alveri hallarının maksimum aşkarlanmasına və informasiyaların sürətli ötürülməsinə nail olmaq, insan alverinə qarşı effektiv mübarizədə dövlət və media qurumları, QHT-lər və sosial şəbəkə fəalları arasında əməkdaşlığın gücləndirilməsini təmin etməkdir.

Gülayə Səfərova onu da qeyd etdi ki, dünyada qlobal xarakter daşıyan insan alveri elə bir problemdir ki, ona qarşı yalnız dövlət qurumları deyil, hər birimiz mübarizə aparmalıyıq.

Tədbirdə çıxış edən ibtidai sinif müəllimi Xumar Əlləzzadə, Günərzi Qayğı Mərkəzinin sosial işçisi Sevda Teymurova və Rayon İcra Hakimiyyətinin nümayəndəsi İntiqam Əhmədov da problemin effektiv həllini maarifləndirmə və birgə mübarizədə gördüklərini vurğuladılar.

Tədbirin sonunda insan alveri ilə bağlı QHT Agentliyinin maliyyə dəstəyi ilə çəkilmiş "Bir addım, bir həyat" videoçarxı nümayiş etdirildi.


MANŞET XƏBƏRLƏRİ