Tofiq Zülfüqarov: “Rusiyanın hərbi hədələri Azərbaycanı... – Kreml özünü Finlyandiya ssenarisinə sürükləyir”


Azərbaycanın sabiq xarici işlər naziri, tanınmış diplomat və ekspert Tofiq Zülfüqarov son günlər Rusiya informasiya məkanında Azərbaycan əleyhinə aparılan kampaniyanı kəskin şəkildə tənqid edib.

Turkustan.az xəbər verir ki, o, bu ritorikanın arxasında duran məqsədləri ifşa edərək, Azərbaycanın mövqeyini geosiyasi baxımdan əsaslandırıb və rəsmi Bakını təmkinli, amma qətiyyətli mövqe tutmağa çağırıb.

Zülfüqarov bildirir ki, Rusiya mediasında və sosial şəbəkələrindəki “Z” təbliğatçıları Azərbaycanı imperiyanın “nəzarətdən çıxmış ucqarı” kimi təqdim edərək, guya bu bölgəyə qarşı hərbi müdaxilə ehtimalından danışırlar. Onun sözlərinə görə, bu ritorika həm məntiqsiz, həm də qeyri-real ssenarilərə əsaslanır:

“Bu iddialar nə hərbi-siyasi reallıqlarla, nə də Rusiya tərəfindən bəyan edilmiş strateji maraqlarla uzlaşır. Əgər Rusiya Cənubi Qafqazdan öz milli təhlükəsizliyi üçün təhlükə görmürsə, Azərbaycana qarşı hərbi təhdid ritorikası hansı məqsədə xidmət edir?”

Diplomatın fikrincə, AZAL təyyarəsi ilə bağlı baş verən faciədə Rusiya tərəfinin qeyri-dost yanaşması, eləcə də Rusiyada azərbaycanlılara qarşı basqı və zorakılıq hallarına göz yumulması, iki ölkə arasında münasibətləri strateji tərəfdaşlıqdan “bitərəf qonşuluq” səviyyəsinə endirib. Əgər Rusiya tərəfi bu ritorikanı davam etdirərsə, münasibətlər geosiyasi qarşıdurma səviyyəsinə keçə bilər.

“Bir vaxtlar Rusiya ilə mehriban qonşuluq edən Finlandiya, təhlükəni hiss etdikdən sonra NATO-ya üzv oldu. Azərbaycan da oxşar təzyiqlərə məruz qalarsa, bu, regionda qlobal dəyişikliklərə gətirib çıxara bilər.”

Zülfüqarov hazırda bu “hərbi ritorikanın” müxtəlif siyasi dairələr tərəfindən manipulyasiya edildiyini də vurğulayıb:
• “Liberal” rus müxalifətçiləri və Qərbpərəst şərhçilər – öz anti-Kreml ritorikalarında Azərbaycanı qurban kimi göstərsələr də, azərbaycanlılara qarşı nifrət mövqeyini qoruyurlar.
• Ukrayna mediası və ekspertləri – Azərbaycanla həmrəylik nümayiş etdirməklə yanaşı, “ikinci cəbhə” açılması ideyasını dolayı yolla təşviq edirlər.
• İranın radikal dairələrinə bağlı media qurumları – bu vəziyyətdən istifadə edərək, Azərbaycanla münasibətləri öz ideoloji prizmalarından şərh edirlər.
• Erməni və pro-erməni media strukturları – revanşist ritorika ilə “Azərbaycanın cəzalandırılması” zərurəti barədə təbliğat aparırlar.

Tofiq Zülfüqarov sonda bildirir ki, bu cür absurd “hərbi ssenarilər” əsasında müzakirə açmaq və bu ritorikaya cavab vermək Azərbaycan üçün faydalı deyil.

“Bizim analitiklər, ekspertlər və medianın əsas vəzifəsi bu təbliğatla eyni dildə danışmaq deyil, onu ifşa etməkdir. Biz düşmənin ssenarisinə yox, öz milli strateji gündəmimizə fokuslanmalıyıq"./Musavat.com


MANŞET XƏBƏRLƏRİ