Dövlət Miqrasiya Xidməti (DMX) Rusiyada müvəqqəti yaşayan və Azərbaycan qeydiyyatında olan vətəndaşlara Azərbaycan vətəndaşlığı verilməməsi, bunun Rusiyanın hazırda müharibə şəraitində olması ilə əlaqələndirilməsi barədə müraciətlərə aydınlıq gətirib.
Bu barədə Pravda.az-ın suallarını cavablandıran Xidmət Katibliyinin rəis müavini Ayaz Babayev bildirib ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna müvafiq olaraq, ölkə ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.
“Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxs “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”yə müvafiq olaraq nümunəsi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən ərizə-anketə tələb edilən sənədləri əlavə etməklə Dövlət Miqrasiya Xidmətinə müraciət edir. Sənədləri icraata qəbul edən Dövlət Miqrasiya Xidməti təqdim olunmuş sənədləri rəy verilməsi üçün müvafiq dövlət qurumlarına göndərir, göndərilmiş sənədlər rəylə birlikdə geri qaytarılır. Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları baxılmaq üçün yuxarıda adıçəkilən Əsasnamədə müəyyən edilmiş qaydada aidiyyəti üzrə göndərir. Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbulu barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq sərəncam verilir”, - rəis müavini deyib.
A.Babayev həmçinin bildirib ki, Rusiyada müvəqqəti yaşayan və Azərbaycan qeydiyyatında olan şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti araşdırılıb və müvafiq qərar qəbul edilib.