Azərbaycanda bəzi rayon və kəndlərdə yas mərasimlərində ehsan verilməsi dayandırılıb. Bu məsələ bir müddətdir ki, cəmiyyətdə müzakirə olunur.
Turkustan.az xəbər verir ki, Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən rayonları və Naxçıvanın Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsi dayandırıldığı deyilir.
Artıq çay süfrəsindən başqa ehsan verilməməsi tövsiyə olunur.
Əlaqə saxladığımız bir neçə rayon axundu isə bildirib ki, bu tövsiyə edilməsi qadağa olduğu mənasına gəlmir. İnsanlar hamısı bu tövsiyəyə əməl etmir. Bəzisi etsə də, bəzisi “mənim atamın ehsanıdır, istədiyim kimi edərəm” deyir.
Onlar bildirir ki, bununla bağlı rəsmi qərar olmalıdır. Cərimələr tətbiq edilməlidir ki, hər kəs əməl etsin.
Nefçala rayonunun axundu Qorxmaz Paşayev açıqlamasında bu məsələnin gündəmdə olduğunu vurğulayıb: “Yekun qərar kənd camaatı, ağsaqqlar şuarsı, icra hakimiyyəti tərəfindən verilməlidir. Hazırda əvvəlki qaydadadır. Ancaq gündəmdədir. Nefçalada 7 gün ehsan verilən kəndlər də var. Biz təklif etmişik, müzakirə olunur”.
Bəzi rayonlarda isə yas mərasimlərində yemək verilməsi yığışdırılmayıb. Əldə etdiyimiz məlumata görə, Qəbələ rayonu Vəndam qəsəbəsi, Şəki, Mingəçevir, Cənub bölgəsində isə yas məclisləri əvvəlki qaydada təşkil edilir, ehsan verilir. /Teleqraf/