Hər il Zilhiccə ayının 10-u Qurban bayramının ilk günüdür. Ümumilikdə isə Qurban bayramı üç gündür. Bu günlərdə qurban kəsmək imkanı olan hər müsəlman üçün borcdur. Çünki Qurban kəsmək Allahın əmrini yerinə yetirməkdir. Qurani-Kərimin “Kövsər” surəsinin 2-ci ayəsində buyurulur: “Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!..”
Kəsilən qurbanın qanı bilmədiyimiz neçə bəlanın qarşısına sipər olur. Çünki kəsilən heyvan vasitədir. Allaha qurban, yəni yaxın olan o qurbanı kəsəndir.
Qurban kəsmək varlı müsəlmanların borcudur, qurban payı gözləmək kasıb müsəlmanların haqqıdır.
Qurani-Kərim buyurur ki, o qurbanın nə əti Allaha yetişir, nə də qanı, Allaha yetişən o qurbanı kəsənin təqvasıdır. Yəni, Allahın onlara ehtiyacı yoxdur.
Adəm oğlu Qabil kimi yetişdirdiyin məhsulun ən xarabını, ən zəifini qurban desən, Allah qəbul etməz; Habil kimi ən gözəlini, ən böyüyünü qurban etsən, qurbanın qəbul olar...
Beş növ heyvan qurban kəsmək olar: qoyun, keçi, inək, camış və dəvə. Qoyun, keçi ən azı 1, inək, camış 2, dəvə isə 5 yaşında olmalıdır. Bir qoyun və ya keçini bir adam, bir inək, camış və ya dəvəni isə yeddiyə qədər adam birləşib qurban kəsə bilər. İnək, camış və ya dəvə kəsənlərin hamısının niyyəti qurban kəsmək olmalıdır, əgər birisi “ət olsun” niyyəti ilə bu işə qoşulsa, o heyvan qurban olmaz.
Qurban kəsiləcək heyvan xəstə, qoca və şikəst olmamalıdır. Bu məsələdə heyvanların əlamətlərini kifayət qədər sadalamaq olar, ancaq bircə onu bildirməyi lazım bilirik ki, hər kəsin kəsdiyi qurban elə özünə verdiyi dəyərdir.
Quşlardan, həmçinin ov heyvanlarından qurban kəsmək olmaz.
Qurban əti satılmaz, satılsa, qurban olmaz. Qəssabın haqqı ayrıca verilməlidir. Ya da qəssab heç bir tənəmması olmadan bu əziyyəti çəkər.
Qurban ətini 3 yerə bölmək, bir hissəsini kasıblara, bir hissəsini qohumlara və qonşulara, bir hissəsini də evə ayırmaq mövcud şəraitə görə ən uyğun olandır. Qurban ətindən müsəlman olmayanlara da vermək olar.
Qurbanı incitmədən kəsmək, kəsərkən də “Bismillah, Allahu Əkbər” və ya “Bismillah” demək lazımdır. Yaxşı olar ki, qurbanı özünüz kəsəsiniz, əgər kəsə bilmirsinizsə, heç olmasa heyvanın yanında dayanın, kəsənlə birlikdə “Bismillah” deyin.
Qurban kəsilən yeri təmizləməyi də unutmayın, belə ki, sizin ibadətiniz başqalarına əziyyət olmasın.
Qurbanınızı vəkalət yolu ilə müsəlmanların aclıq çəkdiyi ölkələrə də göndərə bilərsiniz. Ölmüşlərinizin adından da qurban kəsə bilərsiniz.
Allah (c.c.) bütün qurbanlarımızı Uca Dərgahında qəbul buyursun!
Qurban bayramınız mübarək olsun! /yeniavaz.com/