Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının ötən gün keçirilən iclası tarixi önəm daşıyır. QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə İrəvan qazısı vəzifəsinə Bəxtiyar Nəcəfovun namizədliyini irəli sürdü və təyinat səsvermə nəticəsində qəbul edildi.
İrəvan qazılığının bərpası simvolik hadisə kimi görünə bilər, lakin məsələ o qədər də sadə deyil. İlk növbədə, bu mövzuya tarixi aspektdən yanaşmaq vacibdir. İrəvan qazılığı XVIII-XIX əsrlərdə mövcud olmuş inzibati-dini qurum olaraq İrəvan xanlığına, daha sonra isə Rusiya imperiyasına tabe fəaliyyət göstərib. Bu qurum yalnız dini rəhbərlik funksiyasını daşımır, həm də o dövrün anlayışı ilə ictimai və mədəni müstəqilliyin dayağı olub. İrəvan şəhəri və ətrafındakı kəndlərdə, xüsusilə Göyçə, Dərələyəz, Zəngibasar və digər bölgələrdə yaşayan on minlərlə azərbaycanlı bu sistemin sosial çərçivəsində yaşayıb.
1828-ci ildə Türkmənçay müqaviləsi ilə İrəvan xanlığının Çar Rusiyasının tərkibinə qatılması və İrəvan quberniyasının yaradılması ilə bölgənin tədricən erməniləşdirilməsi prosesi başladı. 1920-ci ildə Ermənistan sovetləşdikdən sonra isə bütün dini idarələr, o cümlədən qazılıqlar “dini fanatizm” kimi təqdim edilərək sovet ideologiyasına uyğun gəlmədiyi üçün ləğv edildi. Bu mənada deyə bilərik ki, İrəvan qazılığının bərpası ilk növbədə tarixi yaddaş üzərində siyasi konsepsiyanın qurulması məqsədi daşıyır.
Qərbi Azərbaycan siyasəti yalnız diasporun və deportasiyaya məruz qalmış soydaşlarımızın hüquqlarının müdafiəsi deyil, həm də Azərbaycanın dövlət olaraq öz tarixi-coğrafi legitimliyini ifadə etməsidir. Başqa sözlə, “bu torpaqlar bizim yalnız yaddaşımızda deyil, həm də hüquqi və mənəvi xəritəmizdə yaşayır” mesajıdır.
Təbii olaraq sual yaranır: Bu addım real nəticələr verə bilər, yoxsa simvolik addım olaraq qalacaq?
Bu, əsasən siyasətin ardıcıl davam etməsindən asılıdır. Yəni əgər Qərbi Azərbaycan İcmasının fəaliyyəti genişlənər, beynəlxalq tribunalarda deportasiya faktları daha aktuallaşdırılar və dövlətin informasiya siyasəti bu istiqamətdə güclənərsə, bu qərar konkret nəticələrə yol açacaq.
Bu addım Azərbaycan-Ermənistan danışıqlarında yaşanan durğunluq fonunda atıldı. Deməli, rəsmi Bakı bu təşəbbüs vasitəsilə danışıqlar prosesini aktivləşdirməyi hədəfləyir. Təcrübə göstərir ki, Ermənistan Bakının Qərbi Azərbaycanla bağlı atdığı addımları narahatlıqla izləyir və kifayət qədər ciddiyə alır. Odur ki, bu addımın yaxın perspektivdə diplomatik dividentlər verməsi ehtimalı yüksəkdir.
Nəticə etibarilə İrəvan qazılığının bərpası “nostalji jest” deyil, taktiki diplomatik aktdır. Azərbaycan bu siyasi “valyutanı” indi dövriyyəyə buraxdı. Bu, “sülhə yox” demək deyil, ədalətli sülh üçün tarixə arxalanmaqdır. Başqa sözlə, xəritələrin arxasında qalmış haqların önə çəkilməsidir. Azərbaycan bu addımla açıq şəkildə bəyan edir: Biz əzəli torpaqlarımıza qayıtmaq istəyirik, sadəcə fiziki yox, mənəvi, hüquqi və tarixi baxımdan!
Turan Rzayev
Globalinfo.az