Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri və burada səsləndirdiyi fikirlər müxtəlif aspektlərdən analiz edilir. Erməni ekspertlər bu səfəri Kremlin yeni Qafqaz siyasəti kimi dəyərləndirir. Bildirilir ki, Moskva Ermənistanı yenidən öz çətirinin altına almaq üçün hərəkətə keçib. Bunu Lavrovun “ermənilər Qarabağın 7 rayonunu Rusiya silahları ilə işğal etmişdi” açıqlaması da təsdiqləyir.
Bundan başqa o, Qarabağın statusu məsələsinin həllini gələcək nəsillərə saxlanılması, 5 rayonun Azərbaycana qaytarılması, Kəlbəcər və Laçının isə ermənilərdə qalması ilə bağlı İrəvana dəfələrlə təklif verildiyini, lakin onların bunu rədd etdiyini söyləyib.
Rusiya XİN başçısının bu səfəri və açıqlamaları nəyə hesablanıb? İrəvan və Qarabağla bağlı bəyanatlar Moskva ilə münasibətlərin gərgin olduğu bir zamanda Bakıya mesaj xarakteri daşıyır?
Globalinfo.az-a danışan siyasi şərhçi Turab Rzayev deyib ki, Ermənistanın ABŞ və Avropa İttifaqı ilə münasibətləri əvvəlki kimi deyil:
“Görünür, Nikol Paşinyan məhz buna görə Rusiya ilə aranı yaxşı tutmaq istəyir. Biz bunu Paşinyanın Moskvada baş tutan Qələbə Paradına qatılması fonunda da gördük. Halbuki Azərbaycan Prezidenti İlham Əliyev həmin parada qatılmadı.
Hesab edirəm, digər bir məsələ isə son zamanlar Ermənistan daxilində müxalifətin təsirini gücləndirməsidir. Aydın məsələdir ki, həmin müxalifət Rusiyaya bağlıdır və oradan dəstək alır. Paşinyan həm də buna görə Kremlin münasibətlərinə diqqət edir”.
Turab Rzayev
Politoloq qeyd edib ki, Lavrovun Ermənistanda dedikləri Rusiya və Ermənistanın yaxınlaşmasının siqnalıdır:
“Lakin bu da bir reallıqdır ki, Ermənistan cəmiyyətində bir küskünlük var. Lavrov bu açıqlamalarla bir müddətdir davam edən gərginliyi səngitmək, erməni cəmiyyəti ilə buzları əritmək istəyir. Ermənistan cəmiyyətinin bu günə qədər əsas iradı o idi ki, Rusiya bizə kömək etmədi, bizi tək qoydu. Amma Lavrovun dediklərində əksini görmək olar. Yəni əslində Rusiya Ermənistana yardım etdi. Bu açıqlamalar həm də bu baxımdan diqqət çəkir”.