Son günlər Rusiya elitasından iki yüksək vəzifəli şəxsin Sovet İttifaqı barədə fikirləri beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.
Turkustan.az-ın Modern.az-a istinadən məlumatına görə, Rusiya Prezidenti Vladrimir Putinin müşaviri Anton Kobyakov və Dövlət Dumasının deputatı Nina Ostanina SSRİ-nin hələ də hüquqi baxımdan mövcud olduğunu iddia edib.
Ekspertlər və müşahidəçilər sözügedən fikirləri heç də təsadüfi hesab etmir. Çünki Rusiya kimi ölkədə dövlətə yaxın şəxslərin Kremlin razılığı olmadan bu cür bəyanatlar verməsi mümkün deyil.
Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunun yekun mətbuat konfransında çıxış edən Anton Kobyakov açıq şəkildə bildirib ki, SSRİ-nin dağılması zamanı hüquqi prosedurlar pozulub və bu səbəbdən Sovet İttifaqı hüquqi baxımdan hələ də mövcuddur. Onun sözlərinə görə, SSRİ Xalq Deputatları Konqresinin qərarı ilə yaradılıb və yalnız həmin qurumun qərarı ilə buraxıla bilərdi. Lakin 1991-ci ildə belə bir qərar verilməyib.
Kobyakov əlavə edib ki, Belovej sazişlərini ratifikasiya edən qurumlar - ittifaq respublikalarının Ali Sovetləri belə bir hüquqa malik deyildilər:
"Əgər hüquqi prosedur pozulubsa, onda belə çıxır ki, qanuni olaraq SSRİ mövcuddur. Bunu konstitusiya hüququ ekspertləri deyir. Amma SSRİ dağılmayıbsa, məntiqlə, hüquqi nöqteyi-nəzərdən belə çıxır ki, Ukrayna böhranı daxili prosesdir".
Bu fikirlər təkcə tarixə deyil, bu günə və gələcəyə də yönəlib. Kobyakov açıq şəkildə Ukraynadakı müharibəni daxili münaqişə kimi təqdim etməyə çalışır. Bu, beynəlxalq hüququn fundamental prinsiplərinə - ölkələrin ərazi bütövlüyünə və suverenliyinə qarşı açıq hücumdur. SSRİ-nin hüquqi varlığı barədə spekulyasiya yaratmaqla, Kreml Ukrayna və digər postsovet ölkələrinə qarşı öz hərbi-siyasi strategiyasını “daxili məsələ” kimi əsaslandırmağa çalışır.
Nina Ostaninanın Dövlət Dumasında bu məsələni qaldırmağa hazır olduqlarını bəyan etməsi isə prosesin sadəcə akademik və hüquqi diskussiya olmadığını göstərir. O da Kobyakov kimi SSRİ-nin dağılmasının hüquqi əsası olmadığını vurğulayaraq bildirir:
“SSRİ-nin yaranması ali rəyasət heyətinin rəyi və deputatların səsi ilə baş vermişdi. Amma dağılma zamanı bu prosedur yerinə yetirilmədi... Ölkələrin əksəriyyəti referendumda SSRİ-nin saxlanmasına səs vermişdi.”
Bu arqumentlər SSRİ-nin hüquqi olaraq “mövcud” olduğu tezisini gücləndirmək məqsədi daşıyır. Lakin reallıqda bu iddialar beynəlxalq hüquq müstəvisində heç bir çəkiyə malik deyil. SSRİ-nin dağılması BMT tərəfindən tanınıb, keçmiş respublikalar müstəqil dövlətlər kimi dünya birliyinə qoşulub və bu prosesin hüquqiliyinə dair qlobal konsensus var.
Bu ritorika Vladimir Putinin uzun illərdir apardığı ideoloji və geosiyasi layihənin tərkib hissəsidir. SSRİ-nin dağılmasını “XX əsrin ən böyük geosiyasi faciəsi” adlandıran Putin təkcə keçmişin qisasını almağa çalışmır, o, həm də Rusiya Federasiyasını yeni bir imperial mərkəz kimi bərpa etməyi hədəfləyir. Belə olan halda, SSRİ-nin “hüquqi mövcudluğu” fikri gələcəkdə Gürcüstan, Moldova, Qazaxıstan və Baltikyanı ölkələrə qarşı siyasi-ideoloji təzyiq alətinə çevrilə bilər.
Anton Kobyakovun çıxışı həm də ideoloji zəminin hüquqi çərçivəyə salınması cəhdi kimi başa düşülə bilər. Onun dediyi kimi, bu məsələyə konstitusiya hüququ mütəxəssisləri qiymət verməlidir və artıq bu prosesin forum vasitəsilə müzakirəsinə start verilib. Bu isə o deməkdir ki, məsələ tədricən genişləndiriləcək və həm daxildə - ictimai rəyə təsir göstərmək üçün, həm də xaricdə - beynəlxalq legitimlik mübarizəsi kontekstində istifadə olunacaq.
SSRİ-nin “qanuni varlığı” ilə bağlı qaldırılan bu iddialar Moskvanın postsovet məkanında nəzarəti bərpa etmək planlarının hüquqi əsaslandırılmasına yönəlib. Bu, keçmişin ritorikası deyil, hazırkı və gələcək imperiya ambisiyalarının ideoloji infrastrukturudur. Kobyakov və Ostanina təsadüfi danışmır - onların dedikləri, əslində, Kreml düşüncəsinin kodlaşdırılmış mesajlarıdır...
Modern Təhlil və Araşdırma Qrupu