Artıq Azərbaycanda qadın avtobus sürücülərini də görmək mümkün olacaq. Bu barədə BakuBus MMC vakansiya elan edib. Həmin elan isə cəmiyyət daxilində bir sıra müzakirələrə rəvac verib. Ən əsas sual doğuran mövzulardan biri isə kişi sürücülərlə müqayisədə qadınların maaşı arasında fərqin nə qədər olmasıdır. Həmçinin iş qrafiki də maraq yaradan məsələlərdəndir.
Məsələ ilə bağlı “Yeni Sabah”ın sorğusuna cavab olaraq BakuBus MMC-dən bildirilib:
“BakuBus MMC fəaliyyətə başladığı gündən etibarən ictimai nəqliyyat sahəsində xidmət keyfiyyətinin artırılmasını və sərnişin məmnunluğunu prioritet istiqamət olaraq müəyyən etmiş və bu məqsəd istiqamətində əsaslı tədbirlər həyata keçirmişdir.Eyni zamanda, gender bərabərliyinin təşviqi və inklüziv iş mühitinin yaradılması da daim diqqət mərkəzindədir.
Elə bir neçə gün əvvəl rəsmi sosial media platformalarımızda “Qadınları Sükan Arxasına Dəvət edirik!” başlığı ilə paylaşdığımız vakansiya bu təşəbbüsümüzün ən vacib təzahürlərindəndir. Bildiyimiz kimi, Azərbaycanda ictimai nəqliyyatda qadınların sürücü kimi təmsil olunması çox nadir haldır. Lakin, biz BakuBus olaraq inanırıq ki, qadınların bu sahəyə cəlb edilməsi xidmət mədəniyyətinə, təhlükəsizlik səviyyəsinə və cəmiyyətin sosial inkişafına müsbət təsir göstərəcək.
Bildiririk ki, işə qəbul prosesində qadın sürücülər üçün heç bir say məhdudiyyəti qoyulmamışdır – D kateqoriyalı sürücülük vəsiqəsinə sahib olan istənilən sayda qadın namizəd işə dəvət oluna bilər. Müvafiq vəzifə üzrə əməkhaqqı 1460 AZN məbləğində müəyyən olunmuşdur. İşə qəbul olunmuş sürücülər Bakı şəhəri daxilində BakuBus MMC-nin istismarında olan bütün marşrut xətləri üzrə fəaliyyət göstərə biləcəklər.
Artıq 10-dan çox xanım namizəd vakansiyaya müraciət etmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən, namizədlərin D kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır. Müraciət edən hər bir namizəd fərdi şəkildə dəvət olunaraq işə qəbul prosesi və prosedur qaydalarla ətraflı tanış ediləcəkdir”.
Həmçinin qeyd edilib ki, Əmək Məcəlləsinin tələblərinə əsasən, bütün sürücülər, o cümlədən qadın və kişi sürücülər eyni hüquq və öhdəliklərə malikdirlər:
“BakuBus MMC-də sürücülər 8 saatlıq iş rejimində fəaliyyət göstərirlər və iş qrafiki qanunvericiliyin tələblərinə uyğun şəkildə tənzimlənir. Lakin qeyd etmək istərdik ki,avtobusların idarə olunması üçün müvafiq olaraq “D” kateqoriyalı sürücülük vəsiqəsi tələb olunur. Bu vəsiqəni əldə etmək üçün əvvəlcə rəsmi sürücülük məktəbində təhsil almaq, tibbi müayinədən keçmək və Dövlət Yol Polisi tərəfindən keçirilən nəzəri və praktiki imtahanları uğurla vermək lazımdır. Qeyd edək ki, “D” kateqoriyalı sürücülük vəsiqəsinin əldə olunmasına dəstək məqsədilə aidiyyəti qurumlarla müvafiq müzakirələr aparılır”.