Mayın 21-də ABŞ Prezidenti Donald Trampla Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa ilə Oval ofisdəki görüşü dünya mediasında gündəm oldu.
Turkustan.az xəbər verir ki, mətbuatın “ikinci Zelenski məsələsi” kimi təqdim etdiyi görüşdə Ağ Ev lideri CAR prezidentinin ünvanına ağır ittihamlar səsləndirdi.
Tramp Cənubi Afrikada ağdərililərin soyqırıma məruz qaldığını bildirərək bir neçə foto göstərdi. ABŞ rəhbərinin bəyanatları qarşısında Ramafosanın sakit qalması, gülərək və zarafatlaşaraq gərginliyi azaltmağa çalışması isə xüsusi diqqət çəkdi. Ukrayna Prezidenti Volodimir Zelenskidən fərqli olaraq CAR rəhbərinin Trampa səbirli yanaşması dünya mətbuatında təqdir edildi.
Lakin Trampın təqdim etdiyi fotoların saxta olduğu, bir videodan ekran görüntüsü olaraq çəkildiyi ortaya çıxıb. Məlumata görə, sözügedən görüntülər Cənubi Afrikada deyil, fevralın 3-də Konqo Demokratik Respublikasında qeyd alınıb. Videoda tibb işçilərinin konqolu əsgərlərlə bir terror təşkilatı arasında yaşanan silahlı toqquşmadan sonra cəsədləri topladığı əks olunur.
Globalinfo.az