Əsgərlərimizin “N saylı qəhrəmanlığ”ına həsr olunmuş roman


Əsgərlərimizin “N saylı qəhrəmanlığ”ına həsr olunmuş roman
Müasir Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, tanınmış yazar Sadıq Qarayevin təfəkkürünün məhsulu olan əsərlər insanlığı sülhə, humanizmə dəvət edir, obyektivlik və düzgünlüyü sərgiləyir, Vətənə, elə-obaya torpağa bağlılığı tərənnüm edir, igidlik, qorxmazlıq və qəhrəmanlığı qiymətləndirir, həqiqət və ədalətə üstünlük verir, gəncliyə dəstək olur, dilə, dinə və uzun illər ərzində formalaşaraq varislik prinsipi əsasında nəsildən-nəslə keçən milli-mənəvi dəyərlərə hörmət etməyə səsləyir, şanlı tariximizi, mütəfəkkir və sərkərdələrimizi uca tutmağı təbliğ edir, Vətən təbiətini vəsf edir, onu sevdirir, adət-ənənələrə dəyər verir, azərbaycançılıq ideyasının fəlsəfəsini əsaslandırır. Əvvəlki əsərlərində olduğu kimi yazıçı “N saylı qəhrəmanlıq” romanında hadisə və proseslərin baş vermə ardıcıllığını əvvəlcədən sezə bilmiş, yüksək ədəbi və poetik səviyyədə, Azərbaycan dilinin şirinliyindən maksimum istifadə etməklə yazılmış insan ruhuna dinclik gətirən, mahiyyətə enib dürr çıxaran bir əsərlə ədəbiyyatımızı zənginləşdirə bilmişdir. Həyəcan və məğrurluq hissi ilə oxuduğumuz roman real hadisələri əsl aydınlığı ilə sistemli şəkildə, tam və hissənin vəhdətini nəzərə ala¬raq oxucuların diqqətinə çatdırır.
Əsər tarixi yaddaşı silkələməklə başlayır. Qarabağda yaşayan ermənilərin separatist hərəkətləri, 30 il ərzində Ermənistan hərbi birləşmələri tərəfindən torpaqlarımıza edilən qəsdlər, havadarlarının köməyi ilə Qarabağ və ona bitişik yed¬di rayonun işğalı, erməni quldur dəstələrinin törətdiyi faciələr, Xocalı soyqırımı, vandalizm aktları, dünya ictimaiyyətini öz yalanları ilə aldatmaları, kəndlərin, qəsəbələrin, şəhərlərin viran qalmasını təsvir edən yazar əsərdə həmin dövrdə mürəkkəb beynəlxalq və daxili vəziyyətin konturlarını cızır, regionda marağı olan qonşu dövlətlərin fikirlərinin kəsişmə nöqtələrini incələyir. Uzun illər ərzində ermənilər tərəfindən törədilən teraktlar barədə məlumat verilir, onların iç üzü, əsl sifətinə güzgü tutulur. Yüzminlərlə azərbaycanlının dəfələrlə – 1905, 1918, 1952, 1988-ci illərdə indiki Ermənistan ərazisindəki öz doğma yurd–yuvasından deportasiya edilməsi, onlara edilən insan adına yaraşmayan işgəncələr, vəhşiliklər, aqressivlik və amansızlıq barədə xatırlama verilir. Ermənilərin bütün bu cinayət əməllərinə rəğmən Ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən və onun layiqli davamçısı cənab prezident İlham Əliyev tərəfindən davam etdirilən sülh siyasəti və diplomatiyası, beynəlxalq hüquqa, qaydalara və normalara, BMT-nin əsasnaməsinə hörmət, yüksək səviyyəli danışıqların aparılması, torpaqların sülh və danışıqların yolu ilə işğaldan azad edilməsi siyasəti yüksək səviyyədə qələmə alınmışdır. Yazar təəssüflənir ki, Azərbaycanın düzgün və ədalətli mövqeyi beynəlxalq güclər, təşkilatlar, vasitəçilik fəaliyyəti heç bir səmərə verməyən Minsk qrupu tərəfindən doğru qiymətləndirilməmişdir. Azərbaycanın haqq səsini, ədalətli mövqeyini dost Türkiyə Cümhuriyyəti və Pakistandan başqa heç bir ölkə dəstəkləmir. İnsan hüquq və azadlıqlarından danışan Qərb dövlətləri yüzminlərlə qaçqın və köçkünün dözülməz həyat şəraitinə göz yumur, “ikili standartlar” mövqeyindən çıxış edir, işğal etdiyi torpaqların qeyd-şərtsiz boşaldılması barədə BMT-nin 4 qətnaməsinin tələblərini yerinə yetirməyən təcavüzkar Ermənistan dövlətinə təzyiq etmir, hətta Azərbaycanın heç vaxt razı ola bilməyəcəyi təkliflər irəli sürürlər. Havadarlarının köməyi ilə Azərbaycana xas olan ərazilərdə illər öncə Ermənistan Respublikasının yaradılmasına baxmayaraq, Azərbaycan onun əzəli və əbədi torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına razı ola bilməzdi və buna imkan verməzdi.
Romanda nəyi, necə və nə vaxt etməyi yaxşı bilən cənab prezidentin dəqiq və qətiyyətli əmrlər və göstərişlərini dəqiqliklə yerinə yetirən Azərbaycan əsgərinin cəmi 44 gün ərzində düşmənə layiqli cavab verərək torpaqlarımızı işğaldan azad etməsi, silahı tutub, yaralı döyüşçünü tək buraxmayan insanlarımızın humanizmi, “İrəli” deyil, “Ardımca” komandasını verən Azərbaycan generallarının şücaəti, düşməni əlbəyaxa döyüşdə belə məhv edən gənclərimizin şücaəti, şanlı ordumuzun qısa zaman kəsiyində bir neçə qat keçilməz maneədən ibarət olan “Ohanyan səddi”ni darmadağın edərək saxta erməni mifini məhv etməsi, əsgərlərimizin kölgə kimi dağları, sıldırım qayaları rahat və maneəsiz keçərək yüksəklikləri ələ keçirməsi, xəstə ideoloqların irəli sürdüyü böyük Ermənistan utopiyasının tarixin zibilliyinə atılmasının, əsgərlərimizin misilsiz qəhrəmanlıqlarına heyran qalan beynəlxalq hərbi ekspertlərin təəccüblərinin təsviri ustalıqla qələmə alınıb.
Allahverdi Bağırov, Mübariz İbrahimov, Ramil Səfərov, Fərid Əhmədov, Polad Həşimov, Əliyar Əliyev və b. bu kimi mərd oğullarımızın qəhrəmanlıqlarının barama qurdu effekti verən miskin erməni cəmiyyətini qorxuya salaraq “ruhunun dirçəlməsi”nə imkan vermədiyini yazar xüsusilə vurğulayır.
Qələbəni xalq-ordu-dövlət birliyindən doğan “Dəmir yumruğ”un gücü”, Ali Baş Komandan İlham Əliyevin məntiqli və düşünülmüş qərarları, “sürət, az şəhid və qələbə” taktikası və qətiyyətli əmrləri, siyasilərimizin, iqtidar və müxalifətin eyni mövqedən çıxış etməsi, hərbçilərimizin n saylı qəhrəmanlıqları və generallarımızın yüksək peşəkarlığı, ermənilər arasında şuşalı-irəvanlı qarşıdurmasının detallarına qədər öyrənən Azərbaycan xüsusi xidmət orqanlarının təqdirəlayiq fəaliyyəti, xüsusi təyinatlı qüvvələrimizin və kəşfiyyatımızın həssas və sərrastlığı nəticəsində əldə etməyimizi yazıçı rəvan dili ilə nəsrə çəkir, xalqın mübarizlik ruhunun cövlan etməsini sərgiləyir.
Yazıçı Azərbaycan ziyalılarını da unutmur. Ziyalıların ordunu alqışlaması və ruhlandırması, şəhidlərin müqəddəs ruhunu yad etmək üçün onların ailələrini, məzarlarını ziyarət etməsi, şəhid valideynlərə mənəvi dəstək olmasını da ətraflı şəkildə təsvir etmişdir.
Roman yüksək elmi-fəlsəfi səviyyədə yazılaraq həqiqətləri bəyan edir, ictimai-siyasi hadisələrə düzgün baxış nümayiş etdirərək, proseslərin gedişatını ətraflı şəkildə mahiyyəti əks etdirməklə qələmə alınıb. İnanırıq ki, yazıçı bundan sonra da milli ruhumuzu oxşayan, dərin mahiyyəti əks etdirən məzmunlu əsərləri ilə oxucularını sevindirəcəkdir.

Zeynəddin Şabanov, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent


MANŞET XƏBƏRLƏRİ