G.İsrafiloğlu
“Vətən ona görə gözəl deyil ki, o, gözəldir. Vətən ona görə gözəldir ki, o, Vətəndir!” – deyən unudulmaz xalq şairimiz Bəxtiyar Vahabzadənin avqustun 16-da 100 illik yubileyidir.
Yubiley günləri ərəfəsində Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, f.ü.f.d, şair-publisist Qiymət Məhərrəmlinin “Elimizin Bəxtiyarı. B.Vahabzadə - 100” kitabı işıq üzü görmüşdür.
Kitab AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə çap olunmuşdur. Kitabın elmi redaktoru institutun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Rəhim Əliyev, rəyçilər filologiya elmləri doktoru, dosent Esmira Fuad və filologiya üzrə fəlsəfə doktoru Fikrət Süleymanoğludur.
Kitaba elmi redaktor Rəhim Əliyev tədqiqat xarakterli ön söz yazmış, tərtibçi-müəllifin xalq şairinin 100 illik yubileyi günlərində işıq üzü görən bu kitabını Bəxtiyar Vahabzadənin xatirəsinə dəyərli töhfə kimi qiymətləndirmişdir.
Kitabda Azərbaycan Milli İstiqlal Hərəkatının öncüllərindən olan filosof şairimiz Bəxtiyar Vahabzadənin ömür və yaradıcılıq yolundan bəhs edən araşdırma yazıları, xatirələr, esse və şeirlər toplanmışdır. Ayrı-ayrı müəlliflər tərəfindən yazıya alınmış həmin materialların əksər hissəsi 2009-2015-ci illər ərzində Qiymət Məhərrəmlinin təsisçisi və baş redaktoru olduğu “Elimiz.Günümüz” qəzetinin səhifələrində işıq üzü görmüşdür. Kitaba, eyni zamanda, qəzet nəşrini dayandırdıqdan sonrakı dövrdə də bəxtiyarsevərlərin redaksiyanın poçtuna göndərdikləri xatirə-esselər, elmi məqalələr, tərtibçi-müəllifin xalq şairinin ədəbi yaradıcılığından bəhs edən araşdırma yazıları, konfrans və simpoziumlarda etdiyi məruzələrin mətnləri və şeirlər də daxil edilmişdir.
Türk dünyasının poeziya günəşi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ərəfəsində işıq üzü görən kitabda toplanan xatirələr ölməz xalq şairinə ümumxalq sevgisinin bariz təcəssümüdür.
Kitabda oxucular Bəxtiyar Vahabzadənin elmi, ədəbi, pedaqoji fəaliyyəti, ictimai həyatdakı yeri, təbəddülatlarla dolu ömür və yaradıcılıq yolu barədə bugünədək o qədər də məlumatlı olmadıqları məqamlarla tanış ola biləcəklər.
Oxucularımız nəfis tərtibatda çap olunmuş 316 səhifəlik “Elimizin Bəxtiyarı” kitabındakı “100 ilin Bəxtiyarı “Elimiz.Günümüz” qəzetinin səhifələrində”, “Yaddaşlardakı Bəxtiyar Vahabzadə”, “Xalq şairi Bəxtiyar Vahabzadə tədqiqatçıların araşdırmalarında” və sair bölmələrdəki maraqlı yazılardan “100 ilin Bəxtiyarı”nı daha yaxından tanımaq imkanı əldə edəcəklər.
Kitabın arxa üzündə xalq şairinin “Sən göyün elə bir qatındasan ki...” adlı məşhur şeiri verilmişdir. Bununla kitab müəllifi Bəxtiyar Vahabzadə şəxsiyyətinə, onun bənzərsiz yaradıcılıq irsinə gün-gündən artan oxucu sevgisinin tükənməzliyini onun öz unudulmaz misraları ilə tərənnüm etməyi qarşısına məqsəd qoymuşdur:
Bəxtiyar Vahabzadə
SƏN GÖYÜN ELƏ BİR QATINDASAN Kİ...
Sənə çatmaq üçün qalxdım göylərə,
Həyat çəkdi məni ətəklərimdən.
Göyün bu qatından baxıram yerə,
Böyüyən sənsənsə, xırdalanan mən.
Sənə can atdıqca ucalıb sanki
Göyün o tayına qanadlanırsan.
Sən göyün elə bir qatındasan ki,
Sənə çata bilməz əlim heç zaman.
Səslənib könlümdə sən bir nəğmətək,
Qoru bu şərəfi, bu təmizliyi.
Can atmaq, ucalmaq, çata bilməmək!
Budur sevgimizin ölməməzliyi...