Rusiya Azərbaycanın sorğusu əsasında axtarışda olan şəxsi saxlayıb


Azərbaycanın hüquq-mühafizə orqanları rusiyalı həmkarlarından Rusiyada həbs edilmiş, Azərbaycanda terrorçuluq və digər cinayətlər məqsədilə təlimlər keçirməkdə təqsirləndirilən şəxsin ekstradisiyasını xahiş ediblər.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə yerli KİV məhkəmə materialına istinadən məlumat yayıb.

Bildirilib ki, Azərbaycan tərəfi törətdiyi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqsirəndirilən şəxsin ekstradisiyasını tələb etmək niyyətini təsdiqləyib.

Məhkəmə materialında qeyd olunub ki, hazırda təqsirləndirilən şəxsin Azərbaycanın hüquq-mühafizə orqanlarına ekstradisiyasına aşkar maneə yoxdur.

Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Azərbaycanın sorğusu əsasında qiyabi həbs edilən və həmin ölkədə axtarışda olan şəxsi saxlayıblar.

O, respublikada terrorçuluq məqsədilə təlimlər keçirməkdə, cinayətkar birlik (cinayətkar təşkilat) yaratmaqda və Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratmaqda ittiham olunur.

Moskva məhkəməsi Azərbaycanın sorğusu əsasında saxlanılan şəxsin barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxaraq onu istintaq təcridxanasına göndərib.


MANŞET XƏBƏRLƏRİ